“Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi: “Belə ki, müharibənin davam etdiyi, sənaye və ilkin tələbat mallarının, hətta ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində, ilk növbədə, Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail olmuşdur.
Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.
Məlumdur ki, ümummilli liderin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrlərdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görmüşdür. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizi təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüslərindən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi idi. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır və 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi:
“Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Qətiyyətlə deyə bilərik ki, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevin gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlar Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ümummilli lider Heydər Əliyevin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə, milli ideyaya xidməti və sədaqəti idi.
Ulu öndər Heydər Əliyevin ömrü xalqa həsr olunmuş ömür idi.
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” deyirdi Ulu Öndər.
Ümummilli lider deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir".
Bu gün dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan müqəddəs üçrəngli bayrağımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və qüdrətli ordusu sayəsində Qarabağda, Laçında, Şuşada və işğaldan azad edilmiş bütün rayon və şəhərlərimizdə dalğalanır”.
Müəllif: Abutel İlhamqızı