PDF Oxu

Siyasət

  • 3 305

Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü ŞƏRH

Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü ŞƏRH

XX əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan Respublikasının tarixinə iqtisadi-siyasi böhran dövrü kimi daxil olmuşdur. Dağılmış iqtisadiyyatın, etnik-ərazi münaqişəsinin, siyasi xaosun xalqımızı təlatümlərə sürüklədiyi bir vaxtda Ümummilli lider Heydər Əliyev kənarda qala bilmədi. Hələ Moskvada ikən 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyini kəskin tənqid edən ulu öndər Heydər Əliyev təəssübkeş missiyasını Vətəndə də davam etdirdi. Ulu öndər Heydər Əliyev doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpası missiyası məhz Naxçıvandan başladı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin keçirdiyi sessiyası Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 Yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Ə.Vəzirovun, A. Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistan SSR-ə qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını hakim dairələr diqqətə almasalar da, xalq ruh yüksəkliyi ilə qarşıladı.Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Bu dövrdə sözün həqiqi mənasında Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə oldu.Qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı, "Ümid" və "Şahtaxtı-Poldəşt" körpüləri salındı. Azərbaycan tarixinin tədqiqi və təbliği məsələləri qabardıldı. Mürəkkəb iqtisadi-sosial problemlər içərisində Gəmiqayada arxeoloji tədqiqatlar bərpa edildi. Bölgənin enerji, nəqliyyat problemlərinin həlli üçün alternativ yollar həyata keçirildi. Məhz Naxçıvanda həyata keçirilən bütün addımlar mərkəz üçün mayak oldu. Xalq miili dövlət quruculuğunun nümunəsini Naxçıvanda müşahidə edirdi. Siyasi burulğanlar ölkəni uğursuzluğa sürüklədiyi halda Heydər Əliyev muxtar respublikada gələcək Azərbaycan Respublikasının modelini qurdu. Bu səbəbdəndir ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü tariximizin parlaq səhifələrindən hesab edilir.Artıq 30 ildir ki, Azərbaycan Respublikası öz müqəddəratını özü müəyyən edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Cənab Prezident İlham Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə edib, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirib. Azərbaycan Respublikasının iqtisadi və hərbi potensialı güclənib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan Respublikası iqtisadi inkişaf sürətinə görə son illər Qafqazın lider dövlətinə çevrilib.

Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər