Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilməklə, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.
Ulu Öndər: “Belə çətin dövrdə geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir”
1991-ci ilin 3 sentyabr tarixi yenicə müstəqilliyini qazanmış Azərbaycanın müasir tarixində, sadəcə, sıradan bir təqvim günü deyildi. Bu tarix 70 ildən çox müstəqillik arzuları ilə yaşayaraq onu bərpa edən, lakin qısa bir zamanda bu azadlıq duyğularını itirmək qorxusu ilə üzləşən, xaos və anarxiya burulğanında çırpınan bir xalqın yenidən özündə böyük güc taparaq Böyük Lideri ilə böyük bir mübarizəyə başladığı gün idi. Bu, elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, insanların sabahkı günə inamı qalmamışdı. İnsanların yeganə təsəllisi ulu öndər Heydər Əliyevin Naxçıvanda olması idi. Buna görədir ki, Ümummilli Lider Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan bu gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Prezident İlham Əliyev: “O illərdə də Ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir”
Bəli, 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin dövrdə qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən deyib: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ...O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, Onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”. Göründüyü kimi, blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar Ulu öndər Heydər Əliyevə böyük məhəbbət bəsləyir, Ona güvənirdilər. Çünki Vətənə sədaqətlə xidmət nümunəsi göstərən dahi şəxsiyyət də öz xalqına güvənir, Ona arxalanırdı və həmişə xalq üçün yaşamış, xalq üçün fəaliyyət göstərmiş və doğma Vətəni uğrunda canını belə əsirgəməyəcəyini dəfələrlə bəyan etmişdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra sessiyadakı ilk çıxışında Ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Bəli, həmin illərdə dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.
Xalqın vahid ideya və amal uğrunda birləşdirilməsi
Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Qərara əsasən, 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Bu bayram artıq bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edilir. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atdı. 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı.
Zərurətdən yaranan YAP tarixi missiyalarını ləyaqətlə yerinə yetirir
Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə 1992-ci ilin noyabrında sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Qeyd edək ki, müraciətlər "SƏS" qəzetində dərc olundu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvanda təsis konfransını keçirdi, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Qısa bir müddətdə - Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Və bu gün ulu öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi: «Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.Bununla da tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürmüşdür.
Ulu Öndərin arzuları reallığa çevrilib
Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. Azərbaycan Prezidentinin “Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”, – sözləri isə bu təsdiqin əbədi möhürünə çevrildi. Böyük Zəfərin qazanılmasından sonra Naxçıvana gələn ölkə başçısının bu səfəri böyük tarixi əhəmiyyəti və rəmzi mənası ilə seçilirdi: “Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfədir ki, mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım..."Bu gün Naxçıvanın əldə etdiyi çoxsaylı uğurları sadalamaqla qurtarmaq mümkün deyil. Böyük Öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” fikirləri bu gün artıq qədim diyarın real həyatında öz əksini tapıb. Amma bu da son deyil. 1991-ci il sentyabrın 3-dən başlayan Böyük Yol Naxçıvanı yaxın gələcəkdə daha Böyük Uğurlara aparacaqdır!
RƏFİQƏ KAMALQIZI