Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Azərbaycan xalqı çox müdrik xalqdır. Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Ümummilli lider Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi. Bütün dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır. Bu gün artıq Azərbaycan Cənubi Qafqazın lideri və geosiyasi dayaq nöqtəsidir. Qeyd edək ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox ağır ictimai-siyasi vəziyyət hökm sürür, sosial-iqtisadi böhran hər gün daha da dərinləşirdi. Həmin illərdə ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Məhz buna görə də 1990-cı ilin iyulunda Ulu öndər Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması muxtar respublika əhalisi tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı, bu tarixi hadisə Azərbaycanın nicatının, Ulu öndərin xilaskarlıq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu.1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq Ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Onun yenidən siyasi hakimiyyətə qayıdışında görürdü. Ulu öndər Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. 3 sentyabr 1991-ci il isə tariximizə qızıl hərflərlə yazılan şanlı səhifələri özündə əks etdirir. Məhz həmin gün milli dövlətçiliyimizin xilası, ölkəmizin gələcəyini müəyyənləşdirən gün kimi xalqımız tərəfindən daim bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiya zamanı deputatların və iclas zalının qarşısına toplaşan minlərlə naxçıvanlının təkidi ilə Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atıldı, həmin gün xalqımızın tarixində ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı.Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atdı. 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu.1992-ci il noyabrın 21-də isə Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə baş verdi: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Gələcəkdə regionun ən nüfuzlu siyasi partiyası olacaq ciddi ictimai sifariş nəticəsi kimi zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan Yeni Azərbaycan Partiyası ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, ən başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün siyasət meydanında qısa zaman ərzində böyük nüfuz qazandı.O zamanlar respublikamızda hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada yaranmış gərgin ictimai-siyasi hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Sonra isə xalqımız öz milli iradəsini ortaya qoydu və ulu öndər Heydər Əliyev 1993-cü ilin oktyabr ayının 3-də ümumxalq səsverməsi ilə Respublikamızın prezidenti seçildi. Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Bu gün Azərbaycan dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Bütün bu nailiyyətlərin təməlində isə Ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır. Bütün bunlar da bu gün öz məntiqi nəticəsini tapdı. Azərbaycan Respublikasını Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 ilə yaxın həsrətinə son qoyaraq cəmi 44 gündə doğma Qarabağımızı mənfur düşmən əsarətindən xilas etdi və bu da öz növbəsində Azərbaycan Respublikasının diktəsi ilə regionda yeni reallıqlar yaratdı. Bu, həmin reallıqlardır ki, qloballaşan dünya bunu qəbul edir və təqdir edir. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Azərbaycan artıq bu gün heç zaman olmadığı kimi güclü bir ölkə çevrilib.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi