Azərbaycan bu görüşdən istədiyini əldə etdi
Avqustun 31-də, Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə növbəti üçtərəfli görüşdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qarşıda dayanan və həll edilməsini gözləyən bir sıra mühüm məsələlər müzakirə predmeti olaraq masaya qoyuldu. Ümumilikdə üçtərəfli görüşün nəticələrini təhlil edərkən, erməni tərəfinin maraq dairəsində olan digər məqamlarla yanaşı, status məsələsinə toxunulmaması faktı da diqqət çəkdi. Və maraqlısı da budur ki, həmin mövzu Moskva meydançasında da qaldırılmamışdı. Bu isə o deməkdir ki, artıq gündəmdə status şərti, yaxud tələbi ümumiyyətlə mövcud deyil.Onu da xatırladaq ki, görüşdən əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan etmişdi ki, Bakı Brüsseldə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi ilə bağlı işçi qrupunun təşkil olunması ilə yanaşı, saziş mətnin hazırlanmasını əks etdirən razılaşmanın əldə ediləcəyini gözləyir.
Sülh razılaşması ilə bağlı proses artıq ölü nöqtədən tərpənib və həmin nüans Azərbaycan Liderinin növbəti qətiyyətli və uğurlu diplomatiyası sayəsində təsdiqini tapıb
Beləliklə, Azərbaycan bu görüşdən istədiyini əldə etdi, üstəlik Şarl Mişelin bəyanatında da həmin məsələ açıq şəkildə səsləndi: “Biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyəcək sülh sazişinin əldə olunması istiqamətindəki irəliləyişlərin predmet iş üzrə aktivləşdirilməsi ilə bağlı razılığa gəldik”, deyə bəyan edən Şarl Mişel bildirib ki, artıq bununla bağlı hər iki ölkənin xarici işlər nazirləri mətn layihəsinin hazırlanması üçün bir ay müddətində görüşəcəklər. Məhz bu nüans həm də belə bir nəticə hasil edir ki, sülh razılaşması ilə bağlı proses artıq ölü nöqtədən tərpənib və sözsüz ki, həmin nüans Azərbaycan Liderinin növbəti qətiyyətli və uğurlu diplomatiyası sayəsində təsdiqini tapıb.
Bu gün gündəmdə olan məsələlər artıq noyabr ayında həll olunacaq
Qeyd edək ki, müvafiq format bu ilin sonuna qədər bir daha görüş keçirəcək və buna qədər isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, baş nazir müavinlərinin görüşləri də baş tutacaq. Həmçinin, belə görünür ki, bu gün gündəmdə olan məsələlər artıq noyabr ayında həll olunacaq və o da mümkündür ki, tərəflərin proses çərçivəsində daha da irəliləməsi üçün daha bir mühüm sənəd də olsun. Çox yəqin ki, Ermənistan tərəfi prosesin uzadılması üçün yenə də vasitələr axtaracaq ancaq Azərbaycan tərəfinin qətiyyətli tələbləri, Bakının İrəvan qarşısındakı şərtləri, habelə digər faktorlar bu kimi cəhdlərin qarşısını alacaq. Artıq kifayət qədər bəllidir ki, Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, Bakının bundan sonra gözləmə mövqeyində dayanması mümkün deyil və razılaşdırılan hər bir sənəd, hər bir ifadə qısa müddətdə həll olunmalı, regionda sülhün bərqərar olması üçün yekun nəticələrə gəlinməlidir.
Şarl Mişel Nikol Paşinyanın yanlış düşündüyünü onun üzünə necə vurdu?
Yeri gəlmişkən, gündəmdə kommunikasiyalarla bağlı məsələdə də irəliləyişlər əldə olunub. Artıq Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlməsi də mümkün ehtimallar sırasındadır. Düzdür, erməni baş nazir rəsmi şəxslərin publik şəkildə Zəngəzur dəhlizi fikrinin səsləndirilməməsini istəsə də, onun həmin fikirlərinə Şarl Mişelin cavabı maraqlı və diqqətçəkən olub. “Publik bəyanatlar bu münasibətlərdə həlledici məna daşıyır – bunun kimi belə bir həssas situasiyada eşidilə biləcək qədər ifadə edilən hər bir söz aydındır ki, digər tərəfdən dinlənilir və tərəziyə qoyulur”, deyən Avropa İttifaqı Şurasının rəhbəri Paşinyana eyham vurub ki, Azərbaycan tərəfinin hansı məna kəsb etdirdiyi fikirləri Ermənistanda doğru dərk edilmir.Şarl Mişelin sözlərinə görə, məhz buna görə Aİ iki ölkənin əhalisi və ictimaiyyəti ilə işləmək üçün missiya götürüb ki, tərəfləri uzunmüddətli və möhkəm dayaqlara əsaslanan sülhə cəlb edə bilsin.
Rövşən RƏSULOV