“Brüsseldə dövlət başçıların arasında keçirildiyi üçtərəfli görüş Azərbaycan – Ermənistan münasibətlərinin yeni müstəviyə keçirilməsi üçün niyyətlərini bir daha təsdiq edilməsi baxımından çox əhəmiyyətlidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşdən sonrakı açıqlanmasında qeyd edir, "Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik. Xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq". İki ölkə arasındakı münasibətlərin normallaşdırılması və yekun sülh müqaviləsinin bağlanması üçün müxtəlif səviyyələrdə belə görüşlər çox təşkil olunacaqdır və bu görüşlər yavaş-yavaş üçtərəfli formatdan ikitərəfli formata daxil olmalıdır”. Bu fikirləri millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasının alternativi yoxdur: Bu reallığı Azərbaycan yaratdı. 30 il Azərbaycanın torpaqlarını işğal edərək özləri üçün xəyallar quran ermənilər heç vaxt düşünmürdülər ki, bir gün Azərbaycan öz ərazilərini geri qaytaracaqdır. Nəinki ermənilər, hətta onların havadarları da ermənilərin xəyallarına və fantaziyalarına inanıb bunu reallıq kimi görürdü. Müharibəyə qədər ermənilərin at oynatmaqları, yəni cıdır düzündə kef məclislərin təşkil etməsi və müharibə ritorikasına üstünlük verərək danışıqlar prosesindən çıxdığını elan etməsi hamının yadındadır. Ermənilərin bu özbaşınalıqlarına bir nöqtə qoyulmalı, kimin kim olduğunu və nəyə qadir olduğunu sübut etməli idik. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz kimin kim olduğunu və nəyə qadir olduğunu döyüş meydanında qazandığı qələbəsi ilə nəinki ermənilərə, həm də onların havadarlarına sübut etdi. Həm də sübut etdik ki, Azərbaycan xalqı öz torpaqlarının bir qarşını da erməniyə güzəştə getməyəcəkdir. Dövlət başçımız müharibənin bitdiyini və artıq yeni səhifəni açdığını bəyan etdi.A.Badamov onu da bildirib ki, açdığımız yeni səhifədə ermənilərə əlifbadan başlayaraq yazmağı və oxumağı öyrədirik: “Çünki ermənilər 30 ildə özlərinin içində gəzdirdikləri azərifobiya və düşmənçiliyi bir deyib atıb yeni səhfəyə daxil olmağına çətinlik çəkirlər. Bununla yanaşı alternativin olmadığını da görürlər. Azərbaycan yavaş-yavaş öz məqsədlərinə çatır. Laçın dəhlizi nəzarətimizə qaytardı. Sərhədlərin demarkasiyası və delimtasiyası, sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizin açılması da baş verəcəkdir. Amma bütün bunları reallaşdırmaq üçün çoxlu görüşlər keçirilməli və hər bir məsələni erməniyə bir daha başa salınmalıdır. Azərbaycan görüşlərə qalib kimi gedir. Brüsseldə baş tutmuş görüşdə bədən dilinə görə Prezident İlham Əliyevin Paşinyan üzərində əzici üstünlüyə hakim olduğuna hətta erməni siyasətçiləri də sosial şəbəkələrdə və erməni mətbuatında şərhlər verirlər. Təbii ki, Prezident İlham Əliyev qalibdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir və görüşlərdə Azərbaycanın böyüklüyünü və güclülüyünü bir daha nümayiş etdirir”.
Müəllif: Gülyana