"Xankəndidə ermənilərin aksiya keçirməsinin səbəbləri dünən Brüsseldə baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü ilə əlaqədar ola bilər. Bildiyimiz kimi, bu görüşlər tərəflər arasında sülhə nail olmaq üçün artıq davamlı keçirilir və müəyyən nəticələrin əldə olunması üçün bu görüşləri məhsuldar hesab etmək olar". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.Onun sözlərinə görə, Ermənistan müxalifəti, bu ölkənin əvvəllər müxalifət partiyasında təmsil olunan müxalifət nümayəndələri bu görüşləri çox böyük qısqanclıqla qarşılayıb: "Dünən onlar açıqlamalarında Paşinyanı hədəf alaraq ölkəni təslimçiliyə sürükləməkdə ittiham ediblər. Bu müxalifət qüvvələrinin indi də Xankəndidə müəyyən dayaqları vardır və böyük ehtimalla bu etirazlar onlar tərəfindən təşkil olunur və sülh prosesinin pozulmasına xidmət edir.
Digər tərəfdən diqqət etmək lazımdır ki, etiraz aksiyasında səslənən şüarlar əhalinin qondarma qurumun strukturlarının işindən narazı olduğunu göstərir, bu isə əslində, Azərbaycanın xeyrinədir, bu, onu göstərir ki, orada olan qondarma rejim əhalinin ehtiyaclarını ödəyə bilmir və bu amil ermənilərin tezliklə Azərbaycanın nəzarəti altında yaşamasını sürətləndirə bilər. Lakin burada bir məqam da ola bilər ki, bu da Xankəndidə olan ermənilərin qondarma rejimin nəzarəti altında yaşamaq istəməməsi və bununla hansısa üçüncü qüvvəyə birləşməsi ilə bağlı tələblər səslənə bilər. Yəni bölgədə sülh prosesini pozmaq istəyən qüvvələrin bu addımlarını da istisna etmək olmaz. Ona görə Azərbaycan hökumətinin bu məsələləri sıx nəzarətində saxlaması vacibdir".
Müəllif: Abutel İlhamqızı