“3 sentyabr tarixdə təkcə Naxçıvan Muxtar Respublikanın deyil, bütövlükdə Azərbaycanın xilası günü kimi qalacaq”. SİA-xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Ümummilli lider Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsinin ildönümü ilə bağlı danışarkən deyib.Politoloq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir: "Görkəmli dövlət xadiminin qədim diyarımız olan Naxçıvandan Muxtar Respublikanın Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisə Sədr seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub desəm yəqin ki, səhv etmərəm. Beləliklə bu il müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 31 il ötür. İndi keçmişə dönüb baxdıqda bu tarixin ölkəmizin həyatında yerini daha aydın görmək olur.Ümummilli liderin ölkəmiz və o cümlədən blokada şəraitində yaşayan, erməni təcavüzünə qarşı mübarizə aparan Naxçıvan Muxtar Respublikası üçün olduqca ağır zamanda Ali Məclisə sədr seçilməsi, ilk növbədə, Naxçıvanın xilası və dirçəlişi üçün yol açdı. Belə ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.Dahi şəxsiyyətin sədrliyi altında Naxçıvan Ali Məclisi bir sıra tarixi qərarlara imza atıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Liderin özünün də dediyi kimi həmin dövrdə Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Təsadüfi deyil ki, üçrəngli dövlət bayrağımız Naxçıvan Muxtar Respublikasının üzərində 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.Ulu Öndərin Naxçıvan Ali Məclisinə sədrlik etdiyi dövrdə xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri də insanlarda milli ideyalara sadiqliyin aşılanması və bu istiqamətdə tarixi qərarların qəbulu ilə bağlıdır. Belə ki, 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Blokada şəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisi istiqamətində mühüm addımlar atıldı. Belə ki, qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki ölkədən muxtar respublikaya ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid» körpüsü salındı.Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün bir sıra əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.Ümumiyyətlə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Şübhəsiz ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Məhz elə buna görədir ki, dahi şəxsiyyətin Ali Məclis Sədri seçildiyi həmin tarix təkcə Muxtar Respublikanın deyil, bütövlükdə Azərbaycanın xilası kimi tarixə yazılıb”.
Müəllif: Abutel İlhamqızı