“Brüssel görüşünü çox yüksək qiymətləndirmək lazımdır. Çünki bu görüş də Azərbaycanın növbəti diplomatik qələbəsi ilə nəticələnib”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının Prezidenti Şarl Mişelin bəyanatlarından da görünür ki, Azərbaycan bu dəfə də öz istəyinə nail olub: “Görüşün nəticələrini belə şərh etmək olar ki, Ermənistanın növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etməsinə, dirəniş görtərməsinə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev konkret nəticələr əldə edib və bu görüşdə Azərbaycan tərəfi böyük uğur qazanıb. Artıq xarici işlər nazirlərinə sülh müqavilənin mətninin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Bu isə sülh müqaviləsinin imzalanması istiqamətində çox böyük irəliləyişlər deməkdir. Yaxın günlərdə sülh müqaviləsinin mətni hazırlanacaq. Bu da çox böyük ümidlər yaradır ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ciddi addım atılır. Danışıqlarda əldə edilən müsbət nəticələrdə Avropa İttifaqı Prezidenti Şarl Mişelin də böyük rolu var. Məlumdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Şarl Mişelin səmimi dostluq münasibətləri mövcuddur. Bu gün Avropa İttifaqı rəhbəriliyi Azərbaycanın haqlı mövqeyinin müdafiəsi istiqamətində böyük işlər görür. Eyni zamanda, danışıqlar zamanı Qarabağ münaqişəsi ifadəsi işlədilməyib və ATƏT-in Minsk qrupuna heç bir istinad edilməyib. Qarabağ məsələsi artıq Azərbaycanın daxili işi kimi qəbul edilir və Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır. Onların da təhlükəsizliyi, hüquq və azadlıqları Azərbaycan dövləti tərəfindən təmin olunur. Ümumiyyətlə, bu görüşü müsbət qiymətləndirmək lazımdır. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan daim istədiyinə nail olur və bundan sonra da biz istədiyimizə nail olacağıq. Burada nəqliyyat kommunikasiya xətlərinin açılması məsələsi də gündəmdə olub. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi də müzakirə olunub. Bütün bunlar da müsbət haldır. Hesab edirəm ki, noyabr ayında keçiriləcək növbəti görüşə qədər çox böyük irəliləyişlər müşahidə olunacaq. Düşünürəm ki, noyabr ayında baş tutacaq görüşdə bir çox məqamları özündə əks etdirən sənədlər danışıqlar masası üzərində hazır olacaq”.
Müəllif: Abutel İlhamqızı