“Brüsseldə baş tutan növbəti görüş Azərbaycanın növbəti qələbəsinin və uğurunun reallaşdığının sübutudur. Göründüyü kimi, Azərbaycan səbrlə qarşısına qoyduğu bütün məqsədlərə çatır. Post-müharibə dövründə prosesin bu cür inkişafı sülhün əldə olunması üçün atılan addımlar onu deməyə imkan verir ki, biz çox düzgün yoldayıq və Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu prosesi də bizim xeyrimizə yekunlaşdırmağa və istəklərimizin reallaşmasına gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, noyabr ayında növbəti görüş baş tutacaq: "Bir ay ərzində sülh müqaviləsinin imzalanması üçün mətnin hazırlanması və xarici işlər nazirlərinin bununla bağlı görüşü nəzərdə tutulub. Həmçinin sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı fəaliyyət göstərən komissiyaların da növbəti görüşü Brüsseldə keçiriləcək. Bir sözlə, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında və regionda uzunmüddətli sülhün, əmin-amanlığın əldə edilməsi üçün münbit şəraitin yetişdiyini deməyə imkan verir. Noyabr ayında baş tutan görüşdə zəfərin ikinci ildönümündə biz sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik. Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm zəfər çaldı, həmçinin də Avropa dəyərlərinə və regionda sülhün, əmin-amanlığın olması üçün jest edərək qarşı tərəfi bu reallıqlara tabe olmağa məcbur etdi".Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Avropa İttifaqının moderatorluğu, xidmətləri sayəsində biz sülhün çox yaxınlığındayıq: "Bu görüşdə biz bir daha gördük ki, Ermənistanın və bəzi qüvvələrin yenidən dirçəltmək istədiyi ATƏT-in Minsk Qrupundan ümumiyyətlə söhbət getmir. Həmçinin də revanşist qüvvələrin mütəmadi olaraq ara qarışdırması və Qarabağ məsələsini gündəmdə saxlamaq üçün səyləri tamamilə iflasa uğrayıb. Çünki, Şarl Mişelin bəyanatında ümumiyyətlə nə ATƏT-in Minsk Qrupundan, nə də Qarabağdan söhbət getmir. Burada yalnız və yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və digər məsələlərdən söhbət gedir. Bu da birbaşa olaraq Azərbaycanın müəyyənləşdirdiyi, Azərbaycanın istədiyi gündəlik əsasında baş tutan razılaşmadan söhbət getdiyini ortaya qoyur. Biz bir daha əminliklə deyə bilərik ki, bu, Azərbaycanın növbəti diplomatik uğurudur və ən qısa zamanda bu proseslərin yekunlaşacağını və regionda istədiyimiz sülhün əldə ediləcəyinin şahidi olacağıq”.
Arzu Qurbanlı