Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan abşeronlu igidlər doğum günlərində anılıb.“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Rəşidov Ziyəddin Arzu oğlunun 25-ci, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid İsgəndərov Anar Vahid oğlunun 21-ci, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən Məmmədov Tərlan Müşfiq oğlunun 26-cı, "Vətən uğrunda", “Cəbrayıllın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən Həşimov Fuad Ceyhun oğlunun 26-cı, "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən Müslümov Elşən Habil oğlunun 27-ci doğum günləri qeyd edilib.Anım tədbirləri ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilərlə birgə Xırdalan şəhərindəki, o cümlədən Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi hərbi xidmətlərdən və şücaətlərdən bəhs edilib.Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mərasimlərdə çıxış edərək bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Qeyd edilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər.Vurğulanıb ki, “Dəmir yumruq” ətrafında birləşən Azərbaycan xalqı düşmən üzərində döyüş meydanında şərəfli qələbə qazanaraq torpaqları işğaldan azad edib. Vətən Müharibəsi zamanı şəhidlərimizin qisasının layiqincə alındığı qeyd edilərək bildirilib ki, qəhrəman döyüşçülərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunub və bu işlər bundan sonra da davam etdiriləcəkdir.Daha sonra şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedilərək onların ailə üzvlərinə baş çəkilib, ailələrin qayğıları və problemləri ilə maraqlanılıb. Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
sia.az