"Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı əlaqələri yeni müstəviyə çıxarmaqla, daha da möhkəmləndirib. Bilirik ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən,parlamentlərarası əlaqələr isə 1997-ci ildən qurulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.Onun sözlərinə görə, bu gün, Azərbaycanla İtaliya arasında yaxınlığın və bir çox sferada əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür: "Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında bir çox önəmli sənədlər imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə reallaşdırılıb və eyni zamanda Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilir".Deputat sözlərinə belə davam edib: "Ölkə Rəhbərinin İtaliyaya budəfəki səfəri sayca yeddinci səfərdir. Bundan öncə isə 2020-ci ilin fevralın 19-21-də reallaşdırılan dövlət səfəri zamanı 28 sənəd imzalanıb və bu sənədlər arasında Azərbaycanla İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamənin xüsusi əhəmiyyəti vardır.Həmin sənəd iki ölkə arasındakı münasibətlərin inkişafının yol xəritəsi hesab oluna bilər. Sözügedən sənəddə həm siyasi, həm ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələlər öz əksini tapmışdır. Cənab Prezidentin səfərinə bu nöqteyi-nəzərdən qiymət versək, həqiqətən də əsas hədəf qeyd olunan Birgə Bəyannamədən irəli gələn məsələlərin icrası ilə bağlı prosesdən, eyni zamanda qarşıda dayanan vəzifələr ətrafında müzakirələr aparmaqdan ibarətdir olduğunu müşahidə edə bilərik.Bunu biz, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən də görə bilərik.Həmin mərasimdə çıxış edərək, Prezident İlham Əliyev demişdir: "Bugünkü mərasim onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək".Qeyd etmək lazımdır ki, xüsusi olaraq Ermənistan-Azərbaycan, münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərməkdədir. İnanırıq ki, bundan sonra da Azərbaycan-İtaliya dostluğu yüksələn xətlə öz inkişafını daha da sürətləndirəcək".
Ayşən Vəli