PREZİDENT İLHAM ƏLİYEV: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır”
Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi bir çox mötəbər qurumlarla əməkdaşlığı geniş olub nüfuzu artıb və bu gün 30 illik öz torpaqlarını əsarətdən qurtararaq 8 noyabrda Böyük Qələbə ilə Qarabağ Azərbaycandır!və NİDASINI qoyduqdan sonra bir çox ölkələr, beynəlxalq təşklatlar ölkəmizə olan nüfuzu daha da artıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu baxımdan Azərbaycanın ən yaxın tərəfdaşlarından biri Avropa qitəsinin aparıcı dövləti olan İtaliyadır. İtaliya-Azərbaycan əlaqələrinin ilbəil inkişaf etməsinin əsas göstərici isə Prezident İlham Əliyevin Romaya rəsmi və işgüzar səfərləri, səfərlər zamanı imzalanan ikitərəfli sənədlər, imzalanan sənədlərin vaxtında icrasıdır. İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 2-də rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutan işgüzar səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir.
Azərbaycan-İtaliya nümunəsi: Yaxşı dost dar gündə tanınar
Azərbaycana yaxın dost olan İtaliya işğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan edərək haqlının tərəfində dayandığını dünyaya nümayiş etdirdi. Həmçinin, Azərbaycan xalqı 44 günlük Vətən savaşında İtaliya mediasının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu. Belə ki, Prezident İlham Əliyevin oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına, “La Republica” qəzetinə verdiyi müsahibələrin geniş işıqlandırılması və digər İtaliya KİV-lərində müharibə dövründə Qarabağ həqiqətlərini əks etdirən məlumatların dünyaya çatdırılması bu ölkənin yanımızda olduğunu növbəti dəfə sübut etdi. Həmçinin İtaliya ilə Azərbaycanı bir-birinə sıx tellərlə bağlayan yalnız siyasi və iqtisadi amillər deyil, humanitar layihələr də mövcuddur. Belə ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ideyasını vurğulaya bilərik.
İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək
Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı bildirib ki, təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq: «İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”.Prezident İlham Əliyev bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməlinin qoyulduğunu vurğulayıb: “İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək”.Dövlət başçısı İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını qeyd edib: “Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb”.
Əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq
Prezident İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı bir daha əmin olduğunu bildirərək vurğulayıb ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq: «Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”."İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur”,-deyən Prezident İlham Əliyev qeyd edib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: “Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb”.
Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz bizim üçün maraqlıdır
“Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib.
Biz heç zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq
Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib ki, biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq: «Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb...Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır».
Avropa bizim üçün yeganə bazar deyil
“Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir”.Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.Səfər çərçivəsində Prezident İlham Əliyev yerli “İl Sole 24 Ore” qəzetinə müsahibəsində həmçinin, qalib ölkə olan Azərbaycanın haqlı mövqeyi, regionda vəziyyətin sülhə doğru inkişafı baxımından aparılan danışıqlar, Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaqla, həm də regional, beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Ümumiyyətlə Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin yekunları iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında uğurla inkişaf etdiyini bir daha təsdiqləməklə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasının daha bir nümayiş etdirdi. Səfər çərçivəsində imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratmış oldu.
RƏFİQƏ KAMALQIZI