Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında sabit inkişafa nail olduğu kimi, təhsil sistemimiz müstəqil dövlətçilik prinsipləri əsasında tərəqqi etməyə başladı. Əsas məqsəd milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq standartlara, xüsusən Qərb standartlarına uyğun milli təhsil sisteminin yaradılmasıdır. Cəmiyyət və dövlətin taleyi həm də təhsil sisteminin necə qurulmasından, təhsil mexanizminin necə gerçəkləşməsindən asılıdır.
Müstəqil Respublikamızda təhsil sistemi, onun inkişaf parametrləri beynəlxalq standartlarla təkmilləşdirilməlidir. İndi intellektual dünyadır, elmi-texniki tərəqqini səviyyəsində inkişaf etdirmək üçün, şübhəsiz ki, yüksək təhsilə, elmə nail olmalıyıq. On minə yaxın təhsil müəssisəsini, iki milyondan çox təhsil alanı, iki yüz mindən çox təhsil verəni, dövlət büdcəsinin beşdən birini əhatə edən təhsil çox geniş və mürəkkəb sistemdir. Müstəqil dövlətin təhsil siyasəti dünyanın inkişaf etmiş ölkələrin təhsil sisteminə yaxınlaşdırmaq bu günün ən vacib və zəruri vəzifəsidir. Təhsil hər bir ölkənin inkişafında başlıca rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsini əgər gözdən keçirsək görərik ki, məhz o ölkələrdə inkişaf var ki, orada elm, bilik, təhsil yüksək səviyyədədir. Bizim böyük təbii sərvətlərimiz, çox əlverişli coğrafi mövqeyimiz var. Bütün məktəblərdə ən müasir tədris prosesi tətbiq olunur, məktəblərin maddi-texniki bazası möhkəmlənir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesi uğurla davam edir və cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Bu gün də ulu öndər Heydər əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursu Azərbaycanın milli maraqlarına və potensial qlobal çağırışlara əsaslanmaqla, ölkəmizin beynəlxalq münasibətlər sistemində daha aktiv iştirakına və həmin sistemin təklif etdiyi imkanlardan daha çox fayda əldə etməsinə yönəlib.
Bu baxımdan, qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan milli təhsilimizin dünya təhsilinə səmərəli inteqrasiya olunması, dünyanın qabaqcıl məktəb və universitetlərinin müsbət təcrübəsinin ölkəmizə gətirilməsi və təhsil müəssisələrimizin beynəlxalq miqyasda tanıdılması xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, hazırda ölkəmizdə həyata keçirilən təhsil siyasəti innovasiyaları, ömür boyu və fasiləsiz təhsili, ədalətli və rəqabətli təhsil mühitini, keyfiyyətə zəmanəti, səmərəli idarəetməni və beynəlxalq əməkdaşlığın inkişafını təşviq etməklə Azərbaycanda dünya səviyyəli təhsil xidmətləri göstərə bilən təhsil mərkəzləri formalaşmasını və ölkəmizin ən cəlbedici regional təhsil məkanlarından birinə çevrilməsinı hədəfləyir. Ölkə başçısının “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının uğurla icra olunması ali təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı şəkildə artmasını şərtləndirir.Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.
Avropa təhsil sisteminə inteqrasiya prosesi çərçivəsində Azərbaycan bir sıra köhnə qitənin ölkələri ilə əməkdaşlıq edir ki, bunlardan ilk sıralarda yer alan heç şübhəsiz İtaliya Respublikasıdır. Son zamanlar təhsil sahəsində əldə olunan nəaliyyətlərdə biz Bakıda və sonra isə Romada İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi çox böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, 2022-ci ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Univeristetinin təsis olunması istiqamətində saziş imzalanmışdır. Cari ilin sentyabrın 1-də isə Cənab Prezident İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri çərçivəsində Romada yeni istifadəyə verilmiş Azərbaycan Respublikasının səfirliyində İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq müstəvisini müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Mərasimdə çıxış edən Cənab Prezident İlham Əliyev bidlirdi ki: “Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək. Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək”.Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaqla, həm də regional, beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Ümumiyyətlə Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin yekunları iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında uğurla inkişaf etdiyini bir daha təsdiqləməklə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasının daha bir nümayiş etdirdi. Səfər çərçivəsində bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar iki dövlət arasında tərəfdaşlığın dərinləşdirilməsində mühüm əhəmiyyət kəsb etmiş oldu.
Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...