PDF Oxu

Siyasət

  • 2 420

Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir - ŞƏRH

Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir - ŞƏRH

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunu bir daha təsdiqləmiş oldu. Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri öz bəhrələrini verir və bu işbirliyi qitə ölkələrinə fayda gətirməkdədir. Bu xüsusda İtaliyanı qeyd etmək lazımdır. Belə ki, Avropada təbii qaz böhranının yaşandığı indiki şəraitdə enerji idxalçısı kimi tanınan İtaliya Azərbaycan qazını qitəyə nəql edən TAP boru kəməri sayəsində təbii qaz ixracatçısı olub. Bu, Azərbaycanın Avropada etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirməsi hesabına baş verib.

Avropanın inkişaf etmiş ölkələrindən olan İtaliya ilə Azərbaycanın son illərdə daha da möhkəmlənən münasibətləri hər iki dövlətin iqtisadi inkişafı, siyasi münasibətlərin möhkəmlənməsi üçün etibarlı zəmin yaradır: “Dövlət başçısı İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bugünümüz və gələcəklə bağlı mühüm məqamlar öz əkini tapdı. Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən bəhs edən cənab İlham Əliyev Cənub Qaz Dəhlisinin reallığa çevrilməsindən, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən bəhs edərək bu layihənin icrasında İtaliyanın iştirakını xüsusi qeyd edib. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur İtaliya Azərbaycandan idxal etdiyi həcmlər hesabına təbii qaz ixrac edir. Bu, uzunluğu 878 kilometr olan, Cənub Qaz Dəhlizinin sonuncu həlqəsini təşkil edən və Azərbaycan təbii qazını Avropaya çatdıran TAP qaz boru kəmərinin 2020-ci il dekabrın 31-də kommersiya məqsədilə qaz nəqlinə başlaması ilə əlaqədardır. Boru kəməri indiyədək Azərbaycandan İtaliyaya təxminən 8 milyard kubmetr qaz nəql edib.Dövlət başçısı bir sıra sahələri əks etdirən mühüm kontekstlərə toxunmaqla ölkəmizin Avropadakı və dünyadakı rolunun nə qədər mühüm əhəmiyyət təşkil etdiyini forum iştirakçılarına çatdırdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötürmə qabiliyyəti 10 milyard kubmetr olan TAP boru kəmərinin hazırda tam gücü ilə işlədiyini, bu həcmin ən azı 20 milyard kubmetrə çatdırılmasının zəruriliyini bildirdiyi, bunun üçün əlavə maliyyə vəsaiti tələb edildiyini və Azərbaycanın investor kimi buna hazır olduğunu, lakin digər investorların da bu işdə iştirakının zəruriliyini qeyd etdiyi vurğulayıb.

Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanın qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan çox ölkədən rəsmi müraciət aldığını qeyd etdiyi bildirilib. TAP Cənub Qaz Dəhlizinin Avropa qoludur və Azərbaycandan Avropa bazarlarına qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

TAP-ın çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. TAP Cənub-Şərqi Avropa ölkələrini də qazla təchiz edə bilər. Boru kəmərinin Yunanıstan ilə Albaniyadakı çıxışları və İtaliya sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Layihə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına böyük imkanlar yaradır.

Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması artıq özünü kifayət qədər sübuta yetirib və bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradıb ki, məhz Avropa bazarından dünya bazarına çıxmaq imkanlarına malik olan ölkəmiz qarşıdakı illərdə həmin planlarını realizə etmək gücündə və qüdrətindədir.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər