2022-ci ilin sentyabr ayının 1-2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə İtaliyaya işgüzar səfər etdi. Bir çox vacib məqamları özündə ehtiva edən səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etməklə, ölkə başçımızın İtaliyaya sayca yeddinci səfəri idi. Səfər ölkəmizin və onun liderinin bölgədə və dünyada artan nüfuzunun aydın təzahürlərini özündə əks etdirirdi. Postmünaqişə dövründə reallaşan bu kimi səfərlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək qalib ölkə kimi nüfuz qazanmasına dəstəyin aydın ifadəsidir.
2 gün davam edən səfərin ilk günündə dövlət başçımız, İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə olduqca nüfuzlu beynəlxalq Forum olan Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etdi. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Öz dolğunluğuna görə seçilən çıxış bu ölkənin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb oldu. Səfər çərçivəsində keçirilmiş görüşlər, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və yerli KİV-lərə açıqlamaları ilə bağlı İtaliya mətbuatında 100-dək məqalə, məlumat və videoreportaj yayımlandı.Ölkə başçımızın çıxışına yaxından nəzər saldıqda çıxışın ilk hissəsinin çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri ilə bağlı olduğunu müşahidə edirik. Həqiqətən də, İtaliya Azərbaycanın Avropa İttifaqı ölkələri arasında ən yaxın tərəfdaşıdır və iqtisadi və digər göstəricilərinə görə dünyanın səkkizinci böyük ölkəsi olan İtaliya ilə Azərbaycanı sadəcə enerji və iqtisadi inkişaf məsələləri bağlamır. Son səfərdən də aydındır ki, bu iki ölkəni təhsil sahəsində əməkdaşlıq da bağlayır. Dövlət başçımızın səfərinə yaxından nəzər salsaq görərik ki, Azərbaycan Prezidenti səfərinin ilk saatlarında Respublikamızın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi və bu binadakı ilk tədbir məhz təhsil sahəsi ilə bağlı oldu. Belə ki, ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Ölkə başçımız bu mərasimdə çıxış edərək bildirdi ki, “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq”. Bəli, bunu iki ölkənin əlaqələrində yeni dövrün başlanğıcı kimi xarakterizə etmək olar. Çünki, bununla Azərbaycan-İtaliya əlaqələri iqtisadi müstəvidən humanitar müstəviyə doğru keçid edir.Çıxışının bundan sonrakı hissəsində Azərbaycan Prezidenti ölkəmizin enerji strategiyası ilə bağlı geniş mülahizə ilə çıxış etdi. Dövlət başçımız Azərbaycanın enerji strategiyasının mərhələlərə bölündüyünü bildirdi. Birinci mərhələdə yenicə müstəqilliyini əldə etmiş respublikamızın aparıcı enerji şirkətlərini Xəzərdə işləmək üçün dəvət etməsi xatırladıldı. Qeyd edək ki, Azərbaycan enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə idi. Sonrakı mərhələdə, mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planları nəzərə alınaraq, ölkəmizin böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacı var idi. Bu nəhəng layihə isə “Cənub Qaz Dəhlizi” adlandırıldı. Layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərlərini əhatə etdi. Enerji strategiyamızın üçüncü və son mərhələsində isə bərpaolunan enerji mənbələri durmaqdadır. Məlumdur ki, neft və qaz kimi təbii sərvətlər tükənən varlıqlardır və gələcək alternativ enerji növlərindədir. Azərbaycan da təbii olaraq bu sahəyə xüsusi diqqət göstərir. Yalnız bir faktı səsləndirmək kifayətdir ki, son dövrlərdə alternativ enerji mənbələrinə götərilən diqqətin həcmini müşahidə edək. Belə ki, 2022-ci il ərzində ölkəmizdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən istehsal gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən istehsal gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulmuş, BP ilə azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşası müzakirə edilməkdədir. Qarabağ və Zəngəzurda da kifayət qədər bərpaolunan enerji potensialı mövcuddur. Bununla yanaşı, bərpaolunan enerji mənbələri yalnız iqtisadi baxımdan zəruri hesab olunmur, bu sahəyə diqqət göstərmək həm də mənəvi baxımdan öhdəlikdir. Beləliklə, bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir.Azərbaycan Prezidenti çıxışının sonunda bildirdi ki, biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bəli, Azərbaycan hər zaman olduğu kimi bu gün də etibarlı tərəfdaş olaraq üzərinə düşən hər bir öhdəliyi yerinə yetirməkdədir. Bunun nəticəsidir ki, günü-gündən ölkəmizin beynəlxalq nüfuzu artır, imici yüksəlir. İtaliya Avropada hazırda yaşanan enerji böhranından ən az təsirlənən və gələcəkdə bu istiqamətdə baş verə biləcək təhlükələrdən sığortalanan ölkədir. Bu da İtaliyanın Azərbaycan kimi etibarlı, dayanıqlı siyasət aparan ölkələrlə əməkdaşlığının nəticəsidir.
Emin Süleymanov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri