PDF Oxu

Siyasət

  • 2 069

Azərbaycan-İtaliya münasibətlərinin böyük gələcəyi var - ŞƏRH

Azərbaycan-İtaliya münasibətlərinin böyük gələcəyi var - ŞƏRH

Ölkəmiz üçün ötən həftə siyasi aktivlik baxımından olduqca zəngin idi. İlk olaraq Brüsseldə dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü və dərhal sonra İtaliya Respublikasına işgüzar səfəri gündəmin əsas başlıqları idi. Azərbaycan Prezidentinin rəsmi Romaya sayca 7-ci səfəri olan bu ziyarət ümumilikdə 2 gün davam etdi. Səfər çərçivəsində bir çox rəsmi görüşlər baş tutdu. Eyni zamanda, səfərin yadda qalan başlıqlarından biri də cənab İlham Əliyevin Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında iştirak etməsi və elə bu binada baş tutan ilk tədbirdə iştirakı idi.

Qürurverici haldır ki, ilk tədbir məhz təhsil sahəsi ilə bağlı oldu. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Beləliklə, iki ölkənin əlaqələrinin iqtisadi müstəvi ilə yanaşı təhsil sahəsini də əhatə etməsi münasibətlərin yeni mərhələyə keçidinin elanı kimi özünü göstərdi.

Səfər zamanı baş verən ən önəmli hadisə isə dövlət başçımızın Beynəlxalq Çernobbio Forumunda iştirakı idi. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak etdi. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Dolğunluğuna görə seçilən çıxış İtaliya və dünya kütləvi informasiya vasitələrində yüksək səviyyədə işıqlandırıldı. Aşkar reallıqdır ki, bu gün dünyada bu mövzu aktuallıq baxımından ilk sıralardadır. Ölkə başçımızın daha əvvəl dediyi kimi, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Rusiya-Ukrayna müharibəsi bu reallığı bir daha gün üzünə çıxardı ki, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik məsələsidir. Belə olan halda isə Azərbaycan kimi etibarlı tərəfdaşlar daim əsas çıxış yolu olaraq qəbul edilir. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsinin şaxələnməsində və enerji təhlükəsizliyinin təmin olunmasında effektiv rol oynayır.

Dövlət başçımızın Forumdakı çıxışına nəzər saldıqda, burada bu gün və gələcəklə bağlı mühüm məqamların öz əksini tapdığını görürük. Belə ki, çıxışında Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən bəhs edən İlham Əliyev Cənub Qaz Dəhlizinin reallığa çevrilməsindən, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən bəhs edərək bu layihənin icrasında İtaliyanın iştirakını xüsusi vurğuladı. Ölkəmiz İtaliyanın bu tərkibdə iştirakını yüksək dəyərləndirir. Hazırda İtaliya da Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunun əsas səbəbləri respublikamızın dünyada qalib dövlət kimi tanınması, Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rola malik olması və sürətli inkişaf yolunda inamla irəliləməsidir. Sözsüz ki, İtaliya da bu geostrateji inkişafı, Azərbaycanın siyasi, iqtisadi, humanitar sahələrdə dünyada nüfuzu yüksələn ölkəyə çevrildiyini görür. Eyni zamanda, İtaliya iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsini özünün xarici siyasətinin prioriteti hesab edir.

Sonda qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirak etməsi, eyni zamanda, Azərbaycanın enerji siyasətinin dünyaya təqdimatına geniş imkanlar yaradılması baxımından qürurvericidir. Bu həm də ölkəmizin və onun lideri- Prezident İlham Əliyevin nüfuzunun təqdimatıdır. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə yüksəlməkdədir.

Sailə Salahova

YAP Pirallahı rayon təşkilatının fəalı

Digər xəbərlər