Bu gün yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Və Azərbaycanın xarici siyasət kursunda da İtaliya ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı sentyabrın 1-2-də İtaliyaya etdiyi 7-ci dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da güclənməsinə, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin İtaliyanın prioritet milli marağı olduğunu nümayiş etdirir.
Bundan öncə 2020-ci ilin fevralın 19-21-də reallaşdırılan dövlət səfəri zamanı 28 sənəd imzalanıb və bu sənədlər arasında Azərbaycanla İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamənin xüsusi əhəmiyyəti var. Həmin sənəd iki ölkə arasındakı münasibətlərin inkişafının yol xəritəsi hesab oluna bilər. Çünki sözügedən sənəddə həm siyasi dialoq, həm də ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələlər öz əksini tapıb.
Qeyd edək ki, bu səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılması ilə əlaqədar sənədin təqdim edilməsi, İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Həmçinin, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildən qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!” hədəfinə uyğun olaraq ölkəmizdə təbii resurslardan əldə edilmiş gəlir insan kapitalına yönəldilir ki, bu addım da bunun əyani sübutudur. Prezident İlham Əliyev əminliklə bildirdi ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.Digər bir məqam isə, səfər çərçivəsində Prezident İlham Əliyev yerli “İl Sole 24 Ore” qəzetinə müsahibəsində qalib ölkə olan Azərbaycanın haqlı mövqeyi, regionda vəziyyətin sülhə doğru inkişafı baxımından aparılan danışıqlar, Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaqla, həm də regional, beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Ümumiyyətlə Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin yekunları iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında uğurla inkişaf etdiyini bir daha təsdiqləməklə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasının daha bir nümayiş etdirdi.
FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı