PDF Oxu

Siyasət

  • 2 928

Azərbaycan və İtaliya münasibətləri hansı məcrada inkişaf edir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Azərbaycan və İtaliya münasibətləri hansı məcrada inkişaf edir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Məlumdur ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Təkcə rəqəmlərə baxmaq kifayətdir ki, İtaliya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində hər il baş verən artımı görmək mümkün olsun. Belə ki, 2020-ci ildə Azərbaycanın İtaliyaya ixracı 4.1 milyard, 2021-ci ildə 9.2 milyard ABŞ dolları təşkil edibsə, bu ilin təkcə 8 ayı ərzində bu rəqəm 11 milyardı keçib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.Politoloq qeyd edib ki, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da ciddi əhəmiyyətə malikdir: "Hazırda Avropada yaşanan enerji böhranı çərçivəsində Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təxminən 10 faizini təmin etməsi rəsmi Roma tərəfindən də yüksək qiymətləndirilir. Yaxın gələcəkdə Cənubi Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması nəticəsində göstərilən rəqəm 2 dəfəyə qədər artırmaq mümkün olacaq. Bu faktor da İtaliyanın ölkəmizə marağının artmasına ciddi təsir edir.Təbii ki, bu cür iqtisadi münasibətlər varsa demək ki, iki ölkə arasında kifayət qədər yaxşı və inkişaf etmiş münasibətlər mövcuddur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında iqtisadi-siyasi əlaqələr kifayət qədər inkişaf etmişdir. Belə ki, İtaliya Azərbaycanın dövlət müstəqilliyini ilk olaraq tanıyan dövlətlərdən biridir. Bu dövlət Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır və həmin dövrdən etibarən də münasibətlər daim inkişaf edən istiqamətdə olmuşdur.Prezident İlham Əliyevin bundan qabaq, yəni 2020-ci ilin fevralında İtaliyaya səfəri zamanı isə Azərbaycanla İtaliya arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərdə vacib məqamlardan biri hesab olunur. Həmin sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə yeni impuls anonsunu verdi. O cümlədən, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələri də qısa zamanda öz töhfələrini, bəhrələrini verəcəkdir. Bu baxımdan, Azərbaycan və İtaliya arasında imzalanan sənədlər, dostluq və sıx əməkdaşlıq reallıqları tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. Xüsusi olaraq qeyd edim ki, İtaliya Avropa İttifaqında və G7 dövlətləri arasında Azərbaycanın bu məzmunda sənəd imzaladığı yeganə dövlətdir. 44 günlük Vətən müharibəsindən öncə imzalanmış bu sənəddə İtaliya Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək nümayiş etdirib və Ermənistanı münaqişə tərəfi kimi tanıyıb.Ölkə başçısının sentyabrın 1-2-də İtaliyaya etdiyi işgüzar səfər isə iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla İtaliya arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir. Buna misal kimi, sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışını da göstərmək olar. Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır".

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər