Cari ilin Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilib. Bu mötəbər toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə əsas qonaq qismində iştirak edib və bu forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib.
Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan bəhs edərkən diqqətə çatdırıb ki, ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik. Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib. Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq.
Dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır. Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il Azərbaycan İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırır.Dövlətimizin başçısı ümumilikdə alternativ enerjinin və xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı da ətraflı məlumat verib. O, Azərbaycanda alternativ enerjiyə sərmayə qoyan dünyanın aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıqdan danışıb.
Enerji təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu konktekstdə o xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mötəbər platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlı tərəfdaşlığın mümkün olması məsələlərindən ətraflı danışdı. Dövlətimizin başçısı Azərbaycanın da beynəlxalq münasibətlər sistemində dövlət kimi davranışları zamanı milli maraqlarını və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi.
Könül İbrahimova
YAP Yasamal rayon AMEA Fiziologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri