Bu il Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyan İtaliya Azərbaycanın Avropa İttifaqının üzv ölkələri arasında bir nömrəli siyasi-iqtisadi, ticarət və ixracat tərəfdaşıdır, iki tərəfli müstəvidə strateji tərəfdaşlıqla bərabər çox tərəfli müstəvidə də sıx əməkdaşlıq aparılır. Xüsusilə Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə İtaliya fəal dəstək verən dövlətdir.
Azərbaycan və İtaliya arasında son bir neçə ildə mədəniyyət və humanitar sahədə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının prezidenti Sergio Mattarellanın dəvəti ilə avqustun 31-də Roma şəhərinə işgüzar səfərinin ilk günü yeni istifadəyə verilmiş Azərbaycanın İtaliyadakı səfirliyinin inzibati binasında İtaliya-Azərbaycan Universitetinin yaranması ilə bağlı Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya rəsmi səfəri zamanı cənab Prezidentin təşəbbüsü ilə irəli sürülən bu təklifin əməli praktiki fəaliyyətə başlaması iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Səfər çərçivəsində sentyabr ayının 2-də İtaliyanın bir nömrəli beyin mərkəzi olan “The European House-Ambrosetti” tərəfindən 48-ci Çernobbio Forumu təşkil olunmuşdur. İqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyan məsələlərin müzakirə olunduğu, İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçılarının, rəsmi şəxslərin çıxış etdiyi bu Forumda əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən aktual mövzulardan biri olan “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir.
Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən diqqəti bəzi tarixi məqamlara yönəldən Cənab Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının mərhələlərə bölündüyünü bildirib. Müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olan Azərbaycanın qısa zaman ərzində Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildiyini qeyd edən dövlət başçımız bildirib ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanan, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanan iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdüyünü vurğulayan prezident İlham Əliyev bununla Azərbaycanın Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduğunu bildirib.
Son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı olan Azərbaycanın enerji strategiyasının ikinci mərhələsinin nəhəng qaz yataqlarının istismarı ilə bağlı olduğunu qeyd edən dövlət başçımız ölkənin təsdiq edilmiş ehtiyatlarının 2,6 trilyon kubmetrə bərabər olduğunu söyləyib. Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemi olan, İtaliyaya qədər uzanan, uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin fəaliyyəti barədə məlumat verən Prezident İlham Əliyev demişdir: “Son bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bi il biz həcmi artıraraq İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”
Ötən ay Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu gələcək fəaliyyət üçün yol xəritəsi adlandıran Prezident bu sənədin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox önəmli bir addım olduğunu bildirib. Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin ötürmə qabiliyyəti barədə məlumat verən ölkə başçısı Avropaya təbii qaz ixracının iki dəfə artırılmasının planlaşdırıldığını qeyd edib. Cənab Prezident İlham Əliyev eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda təbii qaz məsələsinin avropalılar üçün ən aktual mövzu olduğunu vurğulayaraq Azərbaycan qazını 3 Balkan ölkəsinə çatdıracaq İonik-Adriatik boru kəməri layihəsi və Yunanıstan-Bolqarıstan interkonnektoru barədə məlumat verdi, həmçinin diqqətə çatdırdı ki, qaz ixracının həcminin artırılması və ya ixracata başlanılması ilə əlaqədar 10-dan artıq ölkədən rəsmi müraciətlər alan Azərbaycandan bu vaxta kimi Türkiyə, Gürcüstan, Bolqarıstan və digər Avropa ölkələri də qaz alır.
Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsində Azərbaycan və Avropa İttifaqı arasında təbii qazdan başqa enerji bazarının elektrik enerjisi, hidrogen və yaşıl hisrogen kimi digər seqmentlərinin də daxil olduğu dialoqa start verildiyini, bərpaolunan enerji mənbələrinin Azərbaycandakı potensialının dəyərləndirildiyini, Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olduğunu qeyd edən Cənab Prezident İlham Əliyev söyləmişdir: “ Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq yenilənə bilən üç enerji stansiyasına investisiya yatırır və buna davam edəcəklər. Bi bizə əlavə qaz tədarük etməyə kömək edəcək, bu da bizim ixrac potensialımızı gücləndirəcək”. Bərpa olunan enerjiyə nə qədər çox sərmayə qoyularsa bir o qədər də qaza qənaət ediləcək və Azərbaycandan qaz ixracının artırılmasına səbəb olacaq. Bu, Cənab Prezident İlham Əliyevin enerji diplomatiyasının əsas hədəflərindən biridir. Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir.
Günay Məmmədli
Yap Yasamal rayon “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri