"Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi ölkəmizin hərbi gücünün nümayişi, eyni zamanda hərbi sənayesinin gücləndirilməsi baxımdan çox böyük əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.Onun sözlərinə görə, sərgidə müxtəlif ölkələrin istehsal etdiyi hərbi texnikalar da nümayiş etdirilir ki, bu da Azərbaycanın dost və qardaş ölkələrlə hərbi əməkdaşlığının gücləndiriləməsi istiqamətində yeni perspektivlər açır: "Biz bu sərgidə Azərbaycanın istehsal etdiyi yeni texnikaların nümayişinin də şahid olduq. Bu isə Azərbaycanın hərbi qüdrətinin sürətlə artdığının göstəricisidir. Bu gün Azərbaycan ordusunun hərbi arsenalı, maddi texniki bazası durmadan yenilənir, Silahlı Qüvvələrimiz dünyada özünəməxsus yer tutur. Xüsusən də 44 günlük şanlı Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan ordusu öz döyüş qabiliyyəti, yüksək qəhrəmanlığı, həmçinin ən müasir hərbi texnikası ilə bütün dünyaya səs salıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün ordumuzun döyüş təcrübəsi dünyaca məhşur hərbi mərkəzlərdə öyrənilir, tədqiq edilir. Çünki, son illərdə dünyada Azərbaycan ordusu kimi yüksək peşəkarlıq göstərən, böyük qələbəyə imza atan ordu olmayıb. Azərbaycan ordusu 21 əsrin müharibəsini aparıb və Qarabağ Zəfəri ilə hələ ki, dünyada bəznəri olmayan Qələbə qazanıb. Bu bir reallıqdır və bütün Azərbaycan xalqının fəxr, qürur duyacağı uğurdur. Şübhəsiz ki, bütün bu uğurların təməlində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti dayanır. Məhz onun uzun illərdir həyata keçirdiyi islahatlar, ordu quruculuğu sahəsində atdığı uzaqgörən addımlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri gücləndi, bütün istiqamətlərdə inkişaf etdi və Vətən Müharibəsində qüdrətini nümayiş etdirdi. Bu gün də bu siyasət daha geniş miqyas alıb və hərbi potensialımız güclənir. Bakıda keçirilən beynəlxalq müdafiə sərgisi bu baxımdan çox əhəmiyyətlidir. Azərbaycan bu kimi əməkdaşlıqlarla beynəlxalq əlaqələrini daha da gücləndirir və dünya hərb sənayesinə inteqrasiya edir".
Müəllif: Abutel İlhamqızı