“Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər davam etdirilir. Ermənistan hakimiyyəti daxilindəki revanşist qüvvələri sakitləşdirmək üçün bəyanatlar versə də, lakin onların özü də bu istiqamətdə müəyyən işlər görür. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması cənab Prezident İlham Əliyevin 10 noyabr 2020-ci il bəyannaməsi imzalanandan sonra ona verilən suallara cavab olaraq səsləndirdi ki, “Zəngəzur dəhlizinin açılması təxminən 3 il və ya 3 il yarım vaxt tələb edir””. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.Politoloqun sözlərinə görə, məsələlərin gedişinə baxsaq Prezidentin dediyi zaman kəsiyi üzrə işlər gedir. Bu baxımdan Azərbaycan Prezidenti heç vaxt yerinə yetirilməsi mümkün olmayan vəd verimir. Əgər Azərbaycan Prezidenti İlham Əliyev o zamanlardan bu bəyanatı veribsə, deməli doğurdan da çox dəqiq və strateji konteksdə həm siyasi, həm iqtisadi hesablamalar aparıb. Fikrimcə, buna görə Zəngəzur dəhlizi gələn ilin sonlarına yaxın hazır olar. Azərbaycanın mövqeyi tamamilə ortadadır. Rusiya və Türkiyə də bu baxımdan çox maraqlıdırlar. Lavrovun Ermənistana son səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı ona sual ünvalanarkən cavabında bildirmişdir ki, “Burada ümumi razılaşma var və proseslər davam etdirilir”.Çox təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizinin açılmasını kifayət qədər əngəlləməyə çalışır. Düşünürəm ki, ABŞ-ı narahat edən problem dəhlizin açılması yox, açılan yola kimin nəzarət etməsidir. Yəni onlar istəyir ki, Ermənistan hakimiyyətini öz tərəfinə çəksin. Zəngəzur dəhlizinin Rusiya, Türkiyə və Azərbaycan dövləti üçün olan strateji mövqeyi aydındır. Azərbaycan konkret olaraq Naxçıvana yol alır, Türkiyə Naxçıvan vasitəsilə Azərbaycana birbaşa yol alır. Rusiya da aypara şəkilli tranzit yolunda yer almış olur. Bu yol Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə münsibətlərinin tənzimlənməsinə birbaşa təkan verəcək lahiyədir. Bu lahiyə yalnız Azərbaycan üçün deyil, eyni zamanda Ermənistan üçün də maraq kəsb edir”.
Müəllif: Banuçiçək Hüseynli