PDF Oxu

Siyasət

  • 2 422

YAP ölkənin siyasi mübarizələr tarixində yeni dönüş nöqtəsi oldu - TƏHLİL

YAP ölkənin siyasi mübarizələr tarixində yeni dönüş nöqtəsi oldu - TƏHLİL

Azərbaycan tarixinin ictimai-siyasi vəziyyətinin çətin və gərgin, ciddi sınaqlara məruz qaldığı zamanda, özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, dövlətçiliyin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası müstəqillik tariximizdə yeni səhifədir. Belə bir dövrdə ictimai-siyasi səhnədə meydana gəlmək və ölkəmizin müqəddəratında rol oynamaq, tənəzzüldən tərəqqiyə doğru inamla irəliləmək əlbəttə ki, çətin və şərəfli bir məramın reallaşması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı növbəti dəfə öz müdrikliyini göstərib Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Əgər onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi".

30 il bundan əvvəl yaradılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos və anarxiya hökm sürürdü. Həmin ağır dönəmlərdə ölkənin taleyinə biganə olmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Ulu Öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi.
"CƏMİYYƏTİMİZİN BÜTÜN ÜMİDLƏRİ YENƏ DƏ HEYDƏR ƏLİYEVİN DÜHASI İLƏ BAĞLI İDİ"

Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Ona görə də, 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyinin təzahürü idi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, təsis konfransının Naxçıvanda keçirilməsi onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi.
YAP qısa bir zaman kəsiyində hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. 30 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır.
Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. "1993-cü ilin yayında -Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa zaman kəsiyində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir", - deyə Cənab Prezident bildirib.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Dahi Şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı.
"ONUN DƏMİR İRADƏSİ, XALQIN ONA OLAN SEVGİSİ, RƏĞBƏTİ AZƏRBAYCANI, BAX, BU MÜSTƏQİLLİK YOLUNA ÇIXARIBDIR"
Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu.
Dövlət başçısının vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi:"Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq". YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "O ağır vəziyyətdə, məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - Onun dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 19 ildə görülən işlər bunu deməyə əsas verir. Möhtərəm Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirib. Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir".
"AZƏRBAYCANIN TƏŞƏBBÜSLƏRİ İLƏ REALLAŞAN BİR ÇOX LAYİHƏLƏR BÖLGƏYƏ YENİLİK GƏTİRDİ"
Vurğulamaq yerinə düşər ki, YAP-ın VII Qurultayı partiyadaxili islahatlar baxımından böyük önəm kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII Qurultayının keçirilməsinin ölkədə və regionda yaranmış yeni reallıqlarla bağlı olduğunu bildirmişdir:"Belə ki, Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, eləcə də, ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada, Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibənin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb".
"BİZ ƏN MÜASİR TƏCRÜBƏNİ AZƏRBAYCANDA BÜTÜN SAHƏLƏRDƏ TƏTBİQ ETMƏLİYİK"
Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın iqtidar-xalq modelinin və milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkandır və bu partiyanın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyət daşıyır.
Partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul olundu. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapıb. Bütövlükdə, sözügedən addımlar partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Bir neçə siyasi partiyanın YAP-a qoşulması fonunda Yeni Azərbaycan Partiyası milli həmrəyliyin təcəssümünə çevrilib. Bu reallıq yeni mərhələdə həm partiyanın, həm də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Onu da vurğulamaq yerinə düşər ki, siyasi partiyaların YAP-a qoşulması həm də ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Qurultayda çıxışı zamanı bildirdiyi kimi, "Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın".
Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Heç şübhəsiz ki, YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir. Güclü iqtisadiyyatı, dinamik inkişafı, ordu qurculuğu sahəsində əldə olunan nailiyyətlər qısa bir zamanda Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində xalqımızın milli mübarizə ruhu, sarsılmaz həmrəyliyi, dövlətimizin gücü Azərbaycanın ermənilər tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlət başçısı Sərkərdəlik məharəti nümayiş etdirərək Qarabağın xilaskarı kimi tarixə adını həkk etdi. Bu Zəfərlə həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olduq və dövlətimizin gücü bir daha dünyaya bəyan edildi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi "YAP dünənin, bugünün və gələcəyin partiyasıdır" fikirləri artıq gerçək həyatda sübut edilmişdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər