Paşinyana ünvanlanmış suala cavab verən Rusiya prezidenti xatırladıb ki, onun ölkəsində 2 milyondan çox erməni yaşayır
Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq iqtisadi forumunda maraqlı məqam yaşanıb. SİA xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin rus biznesinin Ermənistana, eləcə də digər Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə köçmələri qərarlarına normal münasibət bəslədiyini açıqlayıb. Plenar iclas zamanı moderatorun Ermənistanın baş nazirinə ünvanlandığı sualı zamanı RF prezidenti tədbir əsnasında kiçik kazus yaşadıb və bununla əsas söz və ev sahibinin özü olduğunu nümayiş etdirib.“Biz Rusiya biznesinin səmərəsinə olan hər şeyi alqışlayırıq. İrəvanda işləyib faktiki olaraq Moskvada yaşamaq olar və buna heç nə mane olmur”, deyən Putin onu da bildirib ki, vaxtilə Rusiyadan köçənlər artıq geri dönüblər və onlar (Rusiyadan köçənlər) anlayıblar ki, burada hər hansı qorxulu heç nə baş vermir, hər şey sabitdir.
Putin onu da qeyd edib ki, Rusiyadan köçənlərin çoxu İrəvanı deyil, Bakını seçirlər
Rusiyanın dövlət başçısı qeyd edib ki, əgər kimin üçünsə Ermənistanda işləmək asandırsa, buyursun – deyə o, Şərq İqtisadi forumunun plenar iclasında bildirib və əlavə edib ki, bəziləri İrəvanı deyil, Bakını seçirlər, həmçinin Qazağıstanda da çox yaxşı maliyyə zonası yaradıblar. Onun fikrincə, Rusiyanı ən çox tərk edənlər əsasən İT sferası ilə məşğul olan biznes nümayəndələridirlər.
RF prezidenti: “Nikol cavab verənə qədər demək istəyirəm ki, daha çox erməni Rusiyaya gəlib”
Plenar iclas zamanı Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan suala müdaxilə edərək həmin suala ilk olaraq özü cavab verib və bu məqam diqqət çəkib. Belə ki, plenar iclasın moderatoru İlya Dronov qeyd edib ki, Ermənistan Rusiyadan olan əmək miqrantları dalğası ilə qarşılaşıb və o, Nikol Paşinyana rusiyalıların Ermənistan cəmiyyətinə necə transfer olunmaları və ölkə iqtisadiyyatında hansı rolu oynamaları ilə bağlı sual ünvanlayıb.Verilən suala müdaxilə edən və Nikol Paşinyanın cavabını gözləməyən Rusiya prezdidenti Vladimir Putin bildirib ki, Rusiyada kifayət qədər ermənilər yaşayırlar: “Bağışla Nikol, Nikol cavab verənə qədər demək istəyirəm ki, daha çox erməni Rusiyaya gəlib. 2 milyon insandan çox”, deyə o, öz fikirlərini önə sürüb.
Putin Paşinyana hansı məsələdə necə eyham vurdu?
Bu arada, forum zamanı RF prezidenti ilə Ermənistanın baş naziri arasında ikitərəfli görüş də keçirilib. Paşinyan Putinlə söhbətində bildirib ki, sülhməramlıların Qarabağdakı missiyası heç də asan deyil.Putin isə bəyan edib ki, onlar Qarabağ mövzusunda daimi kontaktdadırlar. “Əlbəttə ki, ən həssas məsələlərdən biri də Qarabağ ətrafında təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Biz hər zaman sizinlə bu barədə danışırıq, davamlı kontaktlarda qalırıq”, deyən Putin dolayısı ilə Paşinyanın ona mütəmadi olaraq zəng etməsinə eyham vurub.
Rövşən RƏSULOV