Dövlət başçısının Sərəncamı ilə Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpasına dövlət büdcəsindən 600,0 (altı yüz) min manat vəsait ayrılıb
Müasir dövrün müharibəsini nümayiş etdirən Azərbaycan dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Zəfər qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. "Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu" - deyə Prezident bildirmişdir. 2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə bildirməsi xalqımıza əvəzsiz sevinci yaşatmış oldu. Noyabrın 10-da isə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Azərbaycan xalqı "dəmir yumruq" əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə qələbə yazdı.
Azərbaycan bu gün misli görünməmiş abadlıq-quruculuq işlərini uğurla davam etdirir. Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin, mədəniyyət nümunələrimizin bərpası üzrə layihələr həyata keçirilir.
MƏRDİNLİ MƏHƏLLƏSİNDƏ YERLƏŞƏN BİNA İLKİN GÖRKƏMİNİ 80 FAİZƏ QƏDƏR İTİRİB
7 sentyabr 2022-ci il tarixində "Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezident Sərəncamı imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin mayın 10-da Şuşada olarkən Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar. Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
Vurğulayaq ki, musiqiçinin doğulduğu ev vaxtilə bir mərtəbəli və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdirir və özü də bir neçə gün tikinti işində iştirak edir.
Azərbaycan mədəniyyətində, musiqi yaradıcılığında xüsusi yer tutan Sadıqcan milli-mənəvi dəyərlərlə köklənmiş, özünəməxsus xüsusiyyətləri, ənənələri, ifa gözəlliyi ilə fərqlənən Azərbaycan ifaçılıq sənətinin inkişafında öz sözünü deyən sənətkar olub.
"QAFQAZIN BİRİNCİ TARZƏNİ"
Şərqin Konservatoriyası olan Şuşada yetişən böyük musiqiçilər sırasında Azərbaycanın tanınmış tarzənlərindən sayılan məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıq Mirzə Əsəd oğlunun da ismi var. Şuşa şəhərində anadan olub, boya-başa çatmış Sadıqcanı zəngin Şuşa mühiti böyük və təkrarsız sənətkar kimi yetişdirmişdir. Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəs göstərib.
Etiraf edək ki, Sadıqcanın tarzən kimi tanınmasında, Şuşada keçirilən musiqi məclisləri böyük rol oynamışdır. Sadıqcan şənliklərdə və musiqi məclislərində iştirak etməkdən başqa, Şuşa və Tiflisdə tamaşaların fasilələri zamanı konsert vermişdi. Sadıqcan həm kamançada, həm də tarda o dövrün məşhur xanəndələrini müşayiət edərmiş. Cənubi Qafqazda, Şərq dünyasında Sadıqcanı yaxşı tanıyırdılar. Bu o demək idi ki, Şuşa məşhur bir şəhər idi. Bu şəhərin yetirmələri olan məşhur musiqiçilər nəsli onun hüdudlarından kənarda sevilirdilər. Öz dövründə "Qafqazın birinci tarzəni" kimi tanınan Sadıqcan tarın simlərində dəyişiklik etmiş, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Mirzə Sadığın tardakı bu dəyişikliyi Şərq aləmində yenilik idi.
Sadıqcanın rekonstruksiya etdiyi tarında isə artırılmış simlərin vasitəsilə muğam sənəti daha da rövnəqlənmiş, harmonik həmahənglik nizamlandırılmışdır. Beləliklə, Sadıqcan tarın simlərinin sayını artırması ilə tarın solo aləti kimi geniş istifadə edilməsini, xüsusilə muğamın solo instrumental imkanını əldə etmişdir. Sadıqcan bir neçə muğamın yaradıcısı kimi də tanınır. Azərbaycan muğamında "Mahur–Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Etim Segah", "Çoban Bayatı" yaranması Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli yazırdı: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi tarixində yeni bir səhifə açmışdır".
Məhz Sadıqcandan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onun ifadə vasitələri, təsir qüvvəsi, ifa üsulu yeni bir pilləyə qalxdı. Sadıqcanın Azərbaycan musiqisi tarixində açdığı yeni səhifə, əslində bir məktəb idi.
Qarabağ münaqişəsi başlanmasından əvvəl, Şuşada Sadıqcanın evinin divarında Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən qoyulmuş xatirə lövhəsi var idi. Bakının Xətai rayonunda küçə onun adını daşıyır. İlyas Əfəndiyevin "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povesti tarzənə həsr olunub. 1997-ci ildə tar üzrə Azərbaycan Respublika müsabiqələri onun adını daşıyıb. Dövlətimiz tərəfindən hər zaman yaradıcılığına böyük diqqət ayrılmışdır. 2006-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Sadıqcanın 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. 2007-ci ildə Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxivlər İdarəsi kollektivinin təşəbbüsü ilə Sadıqcan haqqında kitab nəşr olunub. 2008-ci ildə Bakının Beynəlxalq Muğam Mərkəzində Sadıqcanın 170 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Şuşa həqiqətən də, böyük sənət və sənətkarlar mərkəzidir. Tar ifaçılıq sənətinə yenilik gətirən sənətkarın yaratdığı məktəbdən yüzlərlə musiqiçilər nəsli bəhrələnmiş və onun sənət yolunun davamçıları böyük ustalıqla milli musiqimizə yeni rənglər və çalarlar gətirmişlər.Bu gün Qarabağımızda aparılan abadlıq və quruculuq işləri sırasında əlbəttə ki, böyük sənətkarların yaşadığı evlər də, adlarını daşıyan muzeylərdə diqqtdə saxlanılır.
"ŞUŞA MƏSCİDİNDƏ AZAN SƏSİ, CIDIR DÜZÜNDƏ MUĞAM SƏSİ, VAQİFİN MƏQBƏRƏSİ ÖNÜNDƏ ŞEİRLƏR SƏSLƏNİR"
Artıq müharibənin bitməsindən demək olar ki, iki il ötür. Ümummilli Lider Heydər Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyirdi. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman çıxışlarında bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, çox önəmli bir mesaj idi və bu gün biz buna nail olmuşuq. Cənab Prezident Şuşanın yenidən təkcə Azərbaycanın deyil, eyni zamanda Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətini qaytaracaq, regionun, eləcə də dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. İsa bulağı, Cıdır düzü, Qırxqız yaylağı öz məclisləri ilə diqqəti çəkəcəkdir.
İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlıq quruculuq işlərinə başlanılıb. Sürətlə həyata keçirilən layihələr əsasında artıq müəyyən qədər işlər görülmüşdür. Şuşadan dünyaya bir sıra mesajlar verilib. Cıdır düzündə "Xarıbülbül" festivalının keçirilməsi "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan ucalan səs idi. Daha sonra Vaqif Poeziya Günləri keçirildi. "Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik", - deyə Azərbaycan Prezidenti bildirib.
Əlbəttə ki, Şuşada reallaşan layihələr tezliklə buranın dünyanı heyrətlərdirəcək bir məkana çevriləcəyindən xəbər verir. Şuşa yeni bir qaynar dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanmasını göstərir. Dövlət başçısı "Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamı, "Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamı və digər Sənədlər o deməkdir ki, Şuşa yenidən qurulur və dirçəlir.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır və Zəfər tarixininə imza atmış Azərbaycan ərazilərdə böyük quruculuq-abadlıq işlərini uğurla davam etdirir.
Nəzakət ƏLƏDDİNQIZI