PDF Oxu

Siyasət

  • 2 958

Azərbaycan ilə İtaliya arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycan ilə İtaliya arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biri İtaliyadır. 1992-ci ilin yanvar ayından məhz bu iki ölkə arasında rəsmi münasibətlərin başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik İtaliya ilə diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı-faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan – İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. İtaliya və Azərbaycan tərəfdaşlığı ancaq ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahəsində məhdudlaşmır, eyni zamanda, siyasi müstəvidə ölkəmizlə sıx əməkdaşlıq edir.Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına da şərait yaratdı. Səfər zamanı ölkə başçısı İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda geniş çıxış edib. Dövlətimizin başçısı çıxış zamanı dünyada enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən, Azərbaycanın yürütdüyü uğurlu enerji siyasətindən, həyata keçirdiyi layihələrdən və enerji təhlükəsizliyinə verdiyi töhfələrdən ətraflı bəhs edərək forum iştirakçılarını və dünya ictimaiyyətini məlumatlandırıb. Ölkə başçısı çıxışı zamanı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərdə alternativ enerjinin inkişafı ilə bağlı da ətraflı məlumat verdi. Ölkə başçısı bildirdi ki, “2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək". Çıxışı zamanı ölkə başçısı dünyada və regionda mövcud geosiyasi vəziyyət fonunda Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurduğu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik İtaliya ilə əlaqələrimizin qurulmasında və bu günkü səviyyəyə yüksəlməsində enerji sahəsində görülən işlər əsas rol oynayır. Dövlət başçısı forumdakı çıxışında bildirib ki, “Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”. Qeyd edək ki, Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji ilə təminatında müstəsna rol oynayır. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycan hökumətinin enerji siyasəti qarşıdakı perspektivlər üçün çox düzgün qurulub.

Məmləkət Qaraçobanova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər