Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları cari ilin 2 sentyabr tarixində İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir.Dövlətimizin başçısı çıxış zamanı dünyada enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən, Azərbaycanın yürütdüyü uğurlu enerji siyasətindən, həyata keçirdiyi layihələrdən və enerji təhlükəsizliyinə verdiyi töhfələrdən ətraflı bəhs edərək forum iştirakçılarını və dünya ictimaiyyətini məlumatlandırdı.Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərinin şərtləndirən amildir. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişafının nəticəsi olaraq İtaliya da tariximizin çətin zamanında ölkəmizlə həmrəylik nümayiş etdirdi.İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq iki dövlət arasında ticarət dövriyyəsinin həcmində hər il baş verən artımı,təkcə 2020-ci ildə Azərbaycanın İtaliyaya ixracı 4.1 milyard, 2021-ci ildə 9.2 milyard ABŞ dolları təşkil edibsə, bu ilin təkcə 8 ayı ərzində bu rəqəm 11 milyardı keçibdir.Məhz hər iki dövlətin rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz təhlükəsizliyin, sabitliyin, inkişafın və rifahın ana xəttini təşkil etdiyi gələcək hədəflərinə istiqamətlənibdir.İtaliya ilə əlaqələrimizin qurulmasında və bu günkü səviyyəyə yüksəlməsində enerji sahəsində görülən işlər əsas rol oynayır.Ölkə başçısı İlham Əliyev cənabları forumdakı çıxışında ölkənin dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişməyə nail olduğunu qeyd etdi. Uzun illərdir Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkə olaraq iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürülmüşdür. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Digər tərəfdən, ölkəmiz Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır. On ildən artıqdır ki, qonşu ölkələr üçün etibarlı qaz tədarükçüsü kimi və TAP kəmərinin işə düşməsindən sonra Azərbaycan Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixrac etməyə başlayıb. TAP-ın işə salındığı 2020-ci ilin sonundan bu günə qədər Avropa artıq 13,5 milyard kubmetr Azərbaycan qazı alıb. 2022-ci ildə Azərbaycan qaz tədarükünü artırmağı və təkcə İtaliya bazarına təxminən 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.Azərbaycan və İtaliya arasında imzalanan sənədlər, dostluq və sıx əməkdaşlıq reallıqları tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. Xüsusi olaraq qeyd edim ki, İtaliya Avropa İttifaqında və G7 dövlətləri arasında Azərbaycanın bu məzmunda sənəd imzaladığı yeganə dövlətdir. 44 günlük Vətən müharibəsindən öncə imzalanmış bu sənəddə İtaliya Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək nümayiş etdirib və Ermənistanı münaqişə tərəfi kimi tanıyıb.Ölkə başçısının sentyabrın 1-2-də İtaliyaya etdiyi işgüzar səfər isə iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla İtaliya arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir. Buna misal kimi, sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışını da göstərmək olar. Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi.