Ermənistanın baş naziri Nikol Paşinyanın yaxınm çevrəsindən hesab edilən, eləcə də “Vətəndaş sazişi” iqtidar partiyasının ölkə parlamentindəki fraksiya üzvü Arsen Torosyanın bəyanatı revanşistləri, eləcə də Qarabağ separatçılarını necə deyərlər, yerindən oynadıb. İqtidar təmsilçisinin sözlərinə görə, bundan sonra Qarabağın müstəqilliyini tanımaq perspektivsizdir və bu, daha ağır nəticələrə gətirib-çıxara bilər.“2020-ci ildə baş vermiş müharibədən sonrakı status-kvo özündə təhlükələri saxlayır. Biz sonsuza qədər təhlükə altında qalmağı və öldürülməyi, yoxsa münaqişənin həllini istəməliyik?”, deyə sual edən Arsen Torosyan onu da qeyd edib ki, bunun üçün düşmənçiliyi dərinləşdirmək deyil, 30 il müharibələr və hərbi münaqişələr yaşamış erməni və azərbaycanlı xalqlarının yaraları sarılmalıdır.Erməni deputatı etiraf edib ki, Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı çox ağır dövrlər yaşayıb, itkiləri olub və s. SİTAT: “Azərbaycan 25 min qurban verməklə və 600 min qaçqını olmaqla 1994-cü ilin müharibəsində yara almışdı, yoxsa biz yeganə qurbanlarıq?”.Torosyan hesab edir ki, erməni tərəfi azərbaycanlılarla düşmənçiliyi qızışdırmamalıdır, belə ki, bu ermənilər üçün bir tələdir. SİTAT: “Dövlət Qarabağın müstəqilliyini tanıya bilməməməsi ilə əvvəlki illərdə uğursuzluğa düçar olub. Bu ideya özünüaldatma kimi qiymətləndirilməlidir. Qarabağın müstəqilliyinin tanınması şansı yoxdur və heç vaxt olmayıb”.Ermənistanın hakim partiyanın parlamentdəki təmsilçisi sonda onu da qeyd edib ki, o və həmkarları Qarabağ məsələsinin hər an işə düşə biləcək minanın partlamaması üçün iş aparırlar.Xatırladaq ki, Arsen Torosyan Nikol Paşinyanın “məxməri inqilabı” vaxtı onun yanında olan və “sağ əli” hesab edilən yaxın çevrələrindən biridir və o, eyni zamanda mövcud iqtidarın revanşistlərə, eləcə də sabiq iqtidar təmsilçilərinə qarşı aparılan siyasətinin əsas tərkibində yer almaqdadır. Düşünmək olar ki, erməni deputatı sözügedən bəyanatını səsləndirməmişdən əvvəl baş nazirdən göstəriş alıb.
Rövşən RƏSULOV