Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Ümummilli Liderin hazırladığı mükəmməl xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz bütün regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib.Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İtaliya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının səfərləri təkan verib. Azərbaycan-İtaliya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir.
Azərbaycan Prezidentinin bu günlərdə İtaliyaya rəsmi səfəri ölkələr arasında qarşılıqlı əməkdaşlığın nümunəsidir. İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edən Cənab İlham Əliyevin bildirdiyi kimi, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Bu gün enerji təhlükəsizliyi aktual məsələlərdən olduğundan Cənab Prezident enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən diqqəti tarixi məqamlara yönəldib. "Bizim enerji strategiyamız mərhələlərə bölünüb", - deyən dövlət başçısı diqqətə çatdırıb ki, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq: "Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha dərinləşməsində mühüm rol oynayır. 2005-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair 8 sənəd imzalanmışdır. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərarası əlaqələri daha da genişləndirmişdir. Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində də bir sıra əhəmiyyətli sənədlər imzalanmışdı. "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub. Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. Cənab Prezident çıxışında bu günümüz və gələcəklə bağlı mühüm məqamlara diqqət çəkib. Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərinə nəzər salaraq Cənub Qaz Dəhlizinin reallığa çevrilməsindən, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən danışaraq, bu layihənin icrasında İtaliyanın iştirakını da vurğulayıb.
Cənab Prezident çıxışında enerji strategiyamızın ikinci mərhələsinə nəzər salaraq bunun nəhəng qaz yataqlarının istismarı ilə bağlı olduğunu bildirib: "Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır". TAP istifadəyə verildiyi zamandan başlayaraq Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. "Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var"- deyə Prezident bildirib. Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində də yaşanan çətin vaxtlarda İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Məhz dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəgəzurda quruculuq işlərində fəal iştirak edir. Qardaş Türkiyə şirkətlərindən sonra İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə ikinci yerdədir. Bu artıq özündə hər şeyi ehtiva edir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan rolunu və İtaliya Azərbaycan münasibətlərinin yüksələn bir xətlə inkişafda olduğunu bir daha təsdiqləyir.
NATİQ ALLAHVERDİYEV
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri