Azərbaycanın Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurlar gündən günə artmaqdadır və bu da ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasət strategiyasının məntiqi nəticəsidir.Bu gün Prezident cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Eyni zamanda bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur.
Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolu getdikcə artır və həm də etibarlı tərəfdaş kimi strateji münasibətlərin inkişafı baxımından ciddi məsafələr qət edilib.Azərbaycanın geniş siyasi, iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri İtaliyadır və Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Çünki İtaliya dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşmış və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daima dəstəkləmişdir.
Bildiyimiz kimi sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak etmişdir və forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bildirmişdir: ”Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər.
Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır.”Bu tarixi hadisə Azərbaycanın regionda və Beynəlxalq müstəvidə əsas etibarlı tərəfdaş olmasının bariz nümunəsidir. Bütün istiqamətlərdə ölkəmizin qazandığı uğurların təməlində isə Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin sağlam, düşünülmüş və qətiyyətli xarici siyasət kursu dayanır.
Bu gün Azərbaycanın siyasi, iqtisadi potensialı artıb, eyni zamanda ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib və ölkəmiz Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi sayəsində bütün sahələr üzrə yeni yeni uğurlara imza atmaqdadır.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri