Eynilə, nəğmədəki kimi...
Özümü dərk edəndən Şuşa haqqında eşidib, onun böyüklüyündən, ucalığından, əzəmətindən bəhs edildiyinin şahidi olurdum. Şuşanın sədası hər birimizdə, hətta azərbaycanlı olmayan lakin onun haqda eşidənlərdə belə elə bir maraq yaratmışdı ki, oraya səfər edəcəyimizi duyduğum ilk andan qəlbim yeni dünyaya göz açmış körpənin qəlbi kimi sürətli çırpınırdı. Deyərdim ki, danışılanlar, Şuşa haqda olan fotolar, nəğmələr, sözlər, dastanlar belə kifayət etmirmiş o möhtəşəmliyi əks etdirməyə. “Şuşaya xoş gəlmisiniz, bura şəhərin girişidir” sözlərini eşidərkən göz yaşlarımızı saxlamaq mümkün olardımı?! Qəlbimiz sanki köksündən çıxacaqdı... Bu necə bir əzəmət, necə bir ucalıq imiş. Özündən əvvəl eynilə nəğmədiki kimi dumanı ilə bizləri qarşılayan Şuşanı seyr edib bitirməyə, gəzib doymağa nə zaman yetər, nə həvəs bitər, zənnimcə. Mənfur düşmənin xarabalığa çevirmək üçün var gücü ilə, radikallığı ilə, çirkin xisləti, vandalismi ilə bu 30 il ərzində tükənmədən mübarizə aparıbmış Şuşamız. O uçulmuş, dağılmış yurd-yuvaların, küçələrin, təbiətin, məscidlərin, mədəniyyət ocaqlarının, bir sözlə, şəhər boyu bütün divarların, torpağın belə nuru, işığı yerinə qayıtmışdı öz sahibini, əsl sahibini görüncə..!Şuşa özlüyündə necə böyük, nə qədər əzəmətlidirsə onu azı düşməndən geri almaq da o qədər böyüklük, güc və birlik tələb edirmiş. 44 günlük Vətən müharibəsində ZƏFƏRİMİZİ daha da böyükləşdirən, ucalaşdıran Şuşanın azad olunması oldu. Tək xalqımızın deyil, dünyada ədaləti sevən hər kəsin ürəyindəki arzusunu gerçəkləşdirən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə cəsurluğunu sübut edən igid ordumuz sayəsində bütün dünya heyrətə gəldi. Şəhid olan əsgər yoldaşının nəşini yolda qoymayıb özü ilə götürüb o gördüyüm dimdik dağı üzü yuxarı dırmanan və şəhəri azad edən igidlərin sayəsində bugün Şuşa gün işığına bürünür, bugün Şuşa sözün əsl mənasında günəş tək dünyaya yenidən doğur. Şuşanın işğaldan azad olunmasından çox qısa bir zaman keçib, cəmi iki il. Lakin Şuşaya aparan yoldan tutmuş şəhərin özünə qədər yeni salınan yollar, infrastruktur layihələri, bərpa olunan məscidlər, məktəblər, korifeylərin ev muzeyləri və daha nələr, nələr bir daha görənləri əmin edir ki, Azərbaycan olduqca güclü dövlətdir və dövlətimizin, millətimizin güclü olduğu qədər də uzaqgörən Lideri var. Belə bir qısa zaman kəsiyində bu qədər geniş irəliləyişi ən azı 10-20 il öncədən düşünüb buna uyğun siyasi idarəçiliklə həyata keçirmək mümkün ola bilər. Beləliklə, yenidən Azərbaycan adında, onun rəhbərinin siyasi manevrlərində mümkünsüzü münkün edən nümunəvi idarəetmənin və inkişafın şahidi olduq,
QÜRUR DUYDUQ!
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşkil etdiyi 8 sentyabr tarixindən etibarən 3 gün ərzində QHT nümayəndələri, sosial media platformalarında səhifə və kanalların rəhbərləri, blogerlər, habelə digər ictimai-siyasi fəalların Şuşaya növbəti səfəri baş tutdu. Bu və buna qədərki, bundan sonrakı bütün səfərlərin ziyarətçiləri, fərqi yoxdur yerli və ya əcnəbi, Şuşaya ayağı dəyən, havasını köksünə çəkən, mənzərəsini izləyənlərin ruhunda Şuşanın təsiri, dərin olan mənası, sevdası hələ uzun zaman qalacaq.Sonda Şuşada, Cıdır düzündə şahidi olduğum və elə göz yaşları içində qeydə aldığım bir məqamı bölüşməyi özümə borc bilirəm. Məhz Şuşamızın öz sahibinə-Vətəninə qayıtması üçün 2020-ci ilin 7 noyabr tarixində canını heç düşünmədən fəda edən şəhidlərimizin anaları da bizlərlə səfərdə iştirak edirdi. Cıdır düzünün gəzintisi zamanı şəhid analarının hər birinin əyilib yerdən torpaq qazdıqlarını gördük. Maraqla hər kəsin onlara baxdığını görərkən hamısı eyni vaxtda gözlərində sevinc, üzlərində qürurla belə bir açıqlama verdilər: “Şuşa torpağını oğluma aparıram, ruhu daha da şad olacaq balamın...” Düşünün, oğlunun şəhid olduğu məkanda ağlamadan, sızlamadan, əksinə, qürur hissini ətrafına aşılayaraq oğlunun qəbri üstünə aparmaq üçün Şuşa torpağı yığan Anaların övladlarıyıq! Sizcə, hansı düşmən yıxa bilər belə məğrur milləti..?! ŞUŞAYA yenidən qayıtmaq, əvəzsiz füsunkarlığı təkrar seyr etmək arzusu ilə...
Nərminə Qədirova
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının məsləhətçisi