"Böyük Britaniya ilə ölkəmiz arasında əlaqələr dərin tarixi və strateji önəmi ilə seçilir. Əlaqələrin tarixi 1991-ci ildə Böyük Britaniyanın müstəqilliyimizi tanıdığı dövrdən başlayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, diplomatik əlaqələr isə 1992-ci ildən qurulub: "Əlaqələrin dərinləşməsində ümummilli lider Heydər Əliyevin strateji səriştəsinin böyük rolu olub. Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Ümummilli liderin 1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas ana sütununu təşkil etmişdir. Ümummilli Lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutmuşdur. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir.Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02% səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər etmişdir. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Sözügedən səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalanmışdır. Hazırda Britaniyada kral taxtında dəyişikliyin olması diplomatik münasibətlərin ən azından geri salınması baxımından heç bir təsirə malik ola bilməz. Əlaqələrin zəifləməsinə heç bir səbəb olmadığı kimi, İkinci Qarabağ müharibəsi zamanı İngltərənin Azərbaycana dəstəyi, BMT-də ölkəmiz əleyhinə qətnamənin qəbul olunmamasına təkan verməsi, üstəlik işğaldan azad edilmiş regionlarda yenidənqurma işlərinə Britaniya şirkətlərinin də qoşulması əksinə münasibətlərin inkişaf xətti ilə irəliləməsinə təkan verir. Digər tərəfdən isə, Britaniya konstitusiyalı monarxiyadır və bu quruluşda idarə edilən dövlətlərdə diplomatik münasibətlərlə bağlı əsas söz sahibi baş nazirdə olur. Kral isə təyinatların təsdiqi və büdcə kimi simvolik səlahiyyətlər daşıyır".
Arzu Qurbanlı