Daşnak revanşist: “Biz Ermənistan parlamentinin iclasında iştirak etməyəcəyik”
Ermənistanın məlum təxribatından sonra Azərbaycanın verdiyi layiqli və qətiyyətli cavabı ölkədəki revanşistləri hərəkətə gətirib. Belə ki, Ermənistan parlamenti sərhəddə baş verən silahlı toqquşma ilə bağlı bəyanat hazırlayıb və “Hayastan” blokunda təmsil olunan daşnak fraksiyasının lideri İşxan Saqatelyan həmin bəyanatda onların (müxalifətçilərin) təkliflərinin yer almayacağı halda parlament iclasında iştirak etməyəcəyini bildirib. O, eyni zamanda, alternativ mətn hazırladıqlarını da deyərək bildirib ki, tələblərdən biri də onların bəyanatlarının iclas zamanı oxunulmasıdır. Saqatelyanın sözlərinə görə, sözügedən bəyanatda mövcud situasiyanın və siyasətin dəyişilməsi ilə bağlı bəndlər aydın şəkildə müəyyənləşdirilib. SİA xəbər verir ki, bu barədə ermənilərin news.am saytı yazıb.
O, baş nazir Nikol Paşinyanın çıxışını da dinləməyəcəklərini bildirib
“İndi bizim fraksiya bu mətn üzərində işləyir və az sonra onu təqdim edəcəyik”, deyən daşnakların lideri onu da bildirib ki, hakimiyyətin bəyanatı olsa da onun məğzi tam əks edilmir, eləcə də ümumilikdə situasiyanı əks etdirmir, ona görə də müəyyən bəndlərə müxalifətçilərin təklif etdikləri ifadələr də yer almalıdır.İşxan Saqatelyan “Hayastan” blokunun parlamentin iclasında və bəyanatın oxunuşunda iştirak etməyəcəyi ilə bağlı qəti qərar verdiklərini deyib. O, baş nazir Nikol Paşinyanın çıxışını da dinləməyəcəklərini bildirib.
Daşnak revanşist daha nə tələb edib?
“Biz iclasda iştirak etməyəcəyik. Bütün baş verənlərin əsas günahları şəxsən Nikol Paşinyandır. Ölkə məhz onun siyasətinin güdazına gedir. Biz parlament saatında iştirak etməyəcəyik, çünki bu bizə heç nə vəd etməyən növbəti sirk tamaşası olacaq”, deyə revanşist deputat bildirib.Saqatelyan bildirib ki, onlarda bəyanatın alternativ mətni var. “Əgər reqlament buna imkan vermirsə, demək həmin mətnin mühüm bəndləri ümumi mətnə daxil edilməlidir”, deyən daşnak təmsilçisi hər necə olursa-olsun onlar növbəti addımları ilə bağlı qərar verməyə davam edəcəklər.
Rövşən RƏSULOV