"Dezinformasiyalar Ermənistanın Azərbaycana qarşı apardığı total təcavüzkar siyasətinin heç vaxt dəyişməyən və zaman keçdikcə yeni formalar alan növüdür" . Bu sözləri SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, Ermənistanın dezinformasiyaları zaman keçdikcə şəraitə uyğunlaşaraq yeni istiqamətlərdə və formalarda üzə çıxır: "Bunu demək kifayət edir ki, son günlərdə Ermənistanın verdiyi dezinformasiyaların əsas istiqaməti ondan ibarətdir ki, guya Azərbaycan Ermənistanın ərazilərinə təcavüz edir, guya Azərbaycan Ermənistanın mülki və infrastruktur obyektlərini hədəfə alır. Onlar, eyni zamanda, Azərbaycanın Türkiyə ilə birləşərək Ermənistanı məhv eləməyə çalışdığını, Azərbaycan ordusunun Ukraynada Rusiya ordusuna başlanmış yeni əməliyyatlarından ruhlanaraq, Ermənistanın üzərinə yeni cəza əməliyyatının start verildiyini mətbuatda yayırlar. Bütün bunlar reallıq ilə əlaqəsi olmayan uydurmadan ibarətdir. Sadəcə, Ermənistanın indiki yeritdiyi siyasətə cavab verən deziformasiyalardır. Ermənistan bu dezinformasiyalar ilə həm Azərbaycanı bölgədə sülh istəməyən ölkə kimi tanıtmağa çalışır, həm də sülhə hazırlığı olmayan bir ölkə imicini yaratmaq istəyir"."Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Ermənistan özünün törətdiyi təxribatların əsl mahiyyətini, kökünü, məzmununu gizlədir: "Ermənistan dünya ictimaiyyətində və bölgədə rəy yaradır ki, bu gün də davam edən atışmaların və təxribatların sülh prosesinin ziddinə olan dağıdıcı təzahürlərin kökündə guya Azərbaycan dayanır. Aydındır ki, Ermənistan dezinformasiya siyasətini tək başına aparmır. Ermənistan 30 ildir ki, Azərbaycana qarşı təcavüzkar siyasəti müəyyən beynəlxalq dəstəklərlə həyata keçirirdi. Belə ki, vətən müharibəsindən sonra yaranmış reallıqlara müqavimət göstərməkdə bəzi beynəlxalq təşkilatların və dövlətlərin müdafiəsinə söykəndi. Bu gün həmin dezinformasiya siyasətini məhz həmin beynəxalq təşkilatların və qüvvələrin himayəsi eyni zamanda, dəstəyi şəraitində həyata keçirir. Təkcə bu faktı deyim ki, elə ötən gecə Paşinyanın dünyanın müxtəlif rəhbərlərinə həm də Amerikanın dövlət katibi Blinkenə edilən telefon danışığı zamanı baş ayaq çevirərək təqdim etdiyi informasiyaların əsasında Blinken yalnış mövqe bildirdi. Blinken belə bəyanat verdi ki, Azərbaycan guya Ermənistanın mülki və infrastruktur obyektlərini hədəfə alır. Təbii ki, bu həqiqətə uyğun deyil. Bütün bunlar ABŞ-ın yüksək rəsmi şəxsinin erməni yalanlarının təsiri altında olduğunu göstərir. Birbaşa Amerikanın dövlət siyasətinə cavab verib-verməməsindən asılı olmayaraq, faktiki təsiri altında olmalarından xəbər verir. Ona görə də Ermənistan dezinformasiya siyasətini özünün təcavüzkar planlarının hissəsi kimi daim aparmaqda maraqlıdır".
sia.az