PDF Oxu

Siyasət

  • 6 980

Tovuz döyüşləri - Zəfərin başlanğıc məqamı TƏHLİL

Tovuz döyüşləri - Zəfərin başlanğıc məqamı TƏHLİL

Bu döyüş Vətən müharibəsində qazanılan böyük Qələbənin qığılcımıdır

Düşmən üzərində qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Lakin bu Zəfərin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı Aprel, Günnüt və Tovuz döyüşlərini unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də - Tovuz döyüşləri qızıl hərflərlə yazıldı. Tovuz döyüşləri Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən oldu.Ümumiyyətlə bu əsas faktı qeyd etmək lazımdır ki, Ordumuzun böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından və 2020-ci il iyulun 12-də baş verən Tovuz döyüşlərindən keçib. Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını alıb.Xalq Ali Baş Komandan, Prezident İlham Əliyev ərtafında birləşib haqq savaşına qalxdı. Qüdrətli sərkərdənin “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu.

Ali Baş Komandan İlham Əliyev: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Onun bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar. Bu, Azərbaycan Ordusunun general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib. Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən sonra Azərbaycan Prezidenti Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. Ali Baş Komandan İlham Əliyev həmin günlər deyib: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”. Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə edib.
Ali Baş Komandanını milli həmrəylik çağırışı: “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”
Bəli, Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Xalq Prezidentin ətrafında sıx birləşərək «Dəmir yumruğa» çevrildi. 27 sentyabrda başlanan vətən müharibəsində bu «Dəmir yumruq» düşmənin başına endirildi. Azərbaycanın otuz ilə yaxın işğal altında qalan müqəddəs torpaqları azad edildi. Şəhidlərimizin qanı yerdə qalmadı.Xalqımız 44 günlük haqq savaşında qalib gəldi, möhtəşəm zəfər çaldı. Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə üç mindən artıq igid vətən övladı canından keçərək şəhidlik zirvəsinə ucaldı. Minlərlə insan sağlamlığını itirdi, qazi oldu.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə ölümündən sonra şəhidlərimiz orden və medallarla təltif edildi. Bir sıra hərbi qulluqçuya Vətən Müharibəsi Qəhrəmanı adı verildi.Hazırda şəhidlərimizin valideynləri, ailələri, vətənə əmanət etdiyi övladları Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Onlar bu gün öz doğmalarının canı, qanı bahasına azad etdiyi torpaqları qürurla ziyarət edirlər.
Azadlıqdan Qələbəyə, Qələbədən Quruculuğa
Düşməndən təmizlənmiş torpaqlarda bu gün abadlıq, quruculuq işləri gedir. Öz doğma yurdlarından didərgin düşmüş insanlar tədricən həsrətini çəkdiyi yerlərə qayıdırlar.Lakin məğlubiyyətləri ilə barışmayan ermənilər öz bəd əməllərindən yenə də əl çəkmirlər. Kapitulyasiya aktının imzalanmasına və atəşkəsin elan olunmasına baxmayaraq, mövqelərimizi yenə də atəşə tuturlar. Yenilməz, hazırlıqlı, peşəkar hərbçilərimiz, vətənpərvər, igid əsgərlərimiz vətən torpağını ayıq-sayıq qoruyurlar.O da xüsusi şəkildə qeyd edilməlidir ki, ölkəmizdə vətən müharibəsində sağlamlığını itirmiş qazilərimiz də dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanılır. Xalqın böyük məhəbbətini, hörmətini qazanmış bütün qazilər xalqın qəhrəmanıdır. Onlara böyük hörmət və məhəbbət var. Lakin bir sıra qüvvələr daxildən təxribat törətməyə çalışırlar. Buna görə də hər kəs bu pravokasiyaların qarşısını almaq üçün çalışmalıdır.Beləliklə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi...Bəli, ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımları idi...

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər