PDF Oxu

Siyasət

  • 2 910

Azərbaycan təxribatlara cavab verməyə həmişə hazırdır - ŞƏRH

Azərbaycan təxribatlara cavab verməyə həmişə hazırdır - ŞƏRH

Məlum olduğu kimi, son günlər Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində erməni hərbçilərin özbaşınalığı, xüsusilə sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın "Düşmən sülhə gəlməzsə, "Dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Belə ki, Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu.Bax, budur «Dəmir yumruğ»un və Güclü Azərbaycan Ordusunun gücü, qüdrəti. Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən hər bir hərəkət layiqli cavabını alacaq. Və işğalçı və təcavüzkar Ermənistan bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ən əsası isə, ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Belə ki, sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə, bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. Ancaq bütün bunlara baxmayaraq Ermənistan sülh sazişi bağlamaq məcburiyyətində qalacaq.Çünki 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində qalacaq.Göründüyü kimi, Paşinyan Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxmışdı. O, birmənalı deyib ki, Ermənistan hakimiyyəti heç kimə ölkə ərazisindən dəhliz verməyəcək. Elə sentyabrın 13-də keçirilən parlament iclasındakı çıxışında da N.Paşinyan bənzər təxribatçı mövqedən çıxış edib. Digər bir fakt isə, bir neçə gün əvvəl Paşinyan ilin sonunadək sülh anlaşmasının imzalana biləcəyini anons etmişdi. Bir sözlə, son təxribatçı mövqelər isə Paşinyanın əsl sifətini göstərdi. Və Ermənistan tərəfi, o cümlədən başıpozuq revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, iki il öncə militarist Ermənistanın təcavüzkar ordusunu məhv etmiş Güclü, Müzəffər bir Ordu dayanır. Ona görə bu dövlət reallıqlarla barışmalı, bu kimi təxribatlardan əl çəkməli, Azərbaycanın sülh səylərinə qarşılıq verməlidir. Çünki bu, onların yeganə xilas yoludur. Və Ermənistan bir daha bilməlidir ki, bütün təxribatların cavabını verməyə həmişə hazırıq, «Dəmir yumruq» da yerindədir.

FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı

Digər xəbərlər