“İtdən soruşurlar ki, niyə hürürsən, deyir, qorxuduram, bəs quyruğun niyə titrəyir, deyir özüm qorxuram”. Bunu Ermənistan və ermənilər barəsində də demək olar. Təxribat törədirlər, cavabını alanda isə haray-həşir salırlar, aləmə car çəkirlər. Centayabrın 12-dən 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr kimi. İrəvanda təxribat planı hazırlanır, erməni diversiya qrupları sakitlikdən istifadə edərək Azərbaycanın sərhəddəki postları arasındakı ərazilərə minaların basdırması üçün əməliyyat başlanır. Hərbçilərimizin ayıqlığı nəticəsində diversantların yerləri bəlli olur və atışma başlayır. Toqquşma o qədər güclü olur ki, hətta işə ağır toplar da qarışır. Erməni hərbçilərin təxribatı onlara baha başa gəlir. Həm canlı qüvvə, həm də texnika sarıdan böyük itkilər verirlər. Təəssüf ki, Azərbaycan hərbçiləri arasında da şəhid olanlar olur. Sonra…
Sonrakı hadisələrin gedişindən bəlli olur ki, baş verən hadisələr Ermənistanın hərbu-siyasi rəhbərliyi tərəfindən hazırlanıb. Xronologiya belədir ki, təxribatın başlamasından yarım saat keçməmiş Ermənistanın baş naziri Paşinyan Fransa prezidentinə, ABŞ-ın dövlət katibinə, Rusiyanın dövlət başçısına, Avropa İttifaqının prezidentinə, beynəlxalq təşkilatlara, KTMT-yə əvvəlcədən hazırlanmış müraciətlərini göndərir, hay-haray salır ki, Azərbaycan bizi qırır, gəlin. Sonrası olaylar da təəssüfedicidir. Ermənistanın yalanlarına kos-koca Fransa, dünya siyasətində “quşu gözündən vuran” ABŞ, hadisələrin ta başından regionda olan Rusiya, dünyanın altını və üstünü bilən “qoca Avropa”, o cümlədən ermənilərin azı dişindəki çürükdən xəbəri olan KTMT ölkələri bu yalanlara reaksiya verir, bəziləri hətta Azərbaycanı ittiham etməyə qalxırlar. BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən biri olan Fransa TŞ-nin fövqəladə iclasının keçirməsini tələb edir. Yoxsa, tarix yenidən təkrarlanır? Yadınızdadırsa 44 günlük müharibə zamanı da bəzi nankorlar səbəbindən az qala Azərbaycana qarşı sanksiya paketi tətbiq edəcəkdilər…
Bəli, bu gün BMT TŞ-nin fövqəladı iclasının keçiriləcəyi anonsu verilib. Hər halda fövqəladə iclas tərəflərə tövsiyyələr vermək üçün toplanmır. Bəzi şər qüvvələr fürsət bilib Azərbaycana, haqlı tərəfə qarşı qətnamələr çıxara bilərlər. Düzdür, bəzi siyasətçilər BMT TŞ-nin 4 qətnaməsinin hələ də həyata keçmədiyini xatırlayırlar, amma ikili standartların olduğunu da yada salsaq pis olmaz.
Ermənistan-Azərbaycan sərhədində vəziyyət hələ də gərgin olaraq qalır. Bakı ilə İrəvan arasında sentyabrın 13-də səhər saat 9-dan atəşkəsin dayandırılması ilə bağlı əldə olunan razılaşmaya baxmayaraq, atışmalar davam edir. Azərbaycanın mövqeləri artilleriyadan atəşə tutulub. Hər iki tərəf canlı qüvvə itkisini etiraf edir və bir-birini növbəti münaqişədə ittiham edir. Ermənistan tərəfi ümid edir ki, KTMT təşkilatı öz nizamnaməsinə uyğun olaraq Qazaxıstanda yanvar iğtişaşları zamanı olduğu kimi lazımi yardımı göstərəcək. Ermənistanın baş naziri Paşinyan bildirib ki, Ermənistan və Rusiyanın bir-birinə hərbi yardım göstərməklə bağlı birbaşa razılığı var.
Fransada isə bir qrup deputat Ermənistana hərbi yardım göstərilməsi xahişi ilə hökumətə müraciət hazırlayır. “Le Figaro” yazır ki, Makron bu münaqişənin və ondan irəli gələn bütün məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinə kömək etmək üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıb. Amerika Birləşmiş Ştatları baş verənlərlə bağlı narahatlığını ifadə edib.
Eyni zamanda, Bakı və İrəvanla sıx əlaqədə olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Tvitter hesabında yazıb ki, gərginliklə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb. Vurğulayıb ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaardan “daha da gərginliyin qarşısını almaq üçün” Bakı və İrəvana səfər etməyi xahiş edib. Bu arada Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sərhəddə hazırda mövcud olan bütün məqsədlərə nail olunduğunu bəyan edib.
Ermənistan Müdafiə Nazirliyi baş verənlərlə bağlı aşağıdakı mənzərəni təqdim edir. Sentyabrın 13-nə keçən gecə Azərbaycan qoşunları respublikanın cənub-şərqində yaşayış məntəqələrini - Cermuk, Sotk, Qorisləri atəşə tutmağa başlayıb. Atış artilleriya qurğularından aparılıb, iriçaplı silahlardan, pilotsuz uçuş aparatlarından istifadə edilib. Təkcə hərbi mövqelərə deyil, mülki infrastruktura da hücum edilib. Sonrakı döyüşlər artmağa başlayıb və Ermənistan-Azərbaycan sərhədinin əksər hissəsini əhatə edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, sentyabrın 13-ün birinci yarısında vəziyyət son dərəcə gərgin olaraq qalıb.
Azərbaycan tərəfi itkiləri barədə məlumat verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazovun verdiyi məlumata görə, sentyabrın 12-də axşam saatlarında erməni bölmələri Kəlbəcər, Laçın istiqamətində təxribat törətməyə başlayıb. Eyvazovun sözlərinə görə, erməni diversiya qrupları Azərbaycan mövqeləri arasındakı yolları minalayıb. Azərbaycan silahlı qüvvələri bu hərəkətləri dayandırmağa məcbur olub. “Toqquşmaların miqyasının genişlənməsinin qarşısını almaq üçün Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri sıxışdırılır və lazımi tədbirlər görülür”, - deyən Anar Eyvazov Ermənistanın bu cür hərəkətlərinin həyata keçirilməsini ləngitmək məqsədi daşıdığını qeyd edib. Eyvazov Azərbaycanın Ermənistan ərazisinə təcavüzü ilə bağlı yayılan xəbəri yalan adlandırıb. Bununla belə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan birləşmələrinin Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləmək cəhdlərinin videosunu yayıb. Azərbaycan mətbuatı “Ordunun Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni birləşmələrinin tam zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirməyə hazır olduğunu” yazıb. “Ermənistan gecikdirmə taktikasına əl atmaqda davam edərsə və onları tərksilah etmək və Xankəndidəki separatçı rejimin nəzarəti altında olan ərazilərdən geri çəkilmək üzrə öhdəliklərini yerinə yetirməsə, Azərbaycanın xüsusi əməliyyatların həyata keçirilməsi imkanları və vasitələri var.
Ermənistanın Azərbaycanla yeni münaqişəyə başlaması sərfəli deyil. Çünki Azərbaycan texnologiya sahəsində ciddi üstünlüyə malikdir. Ermənistanın əsas müttəfiqi Rusiya isə Ukrayna münaqişəsinə cəlb edilib. Əvvəllər Ermənistan-Azərbaycan münaqişəsindən hər vəchlə uzaqlaşan, bunun üçün müxtəlif səbəblər tapan KTMT-yə də böyük ümidlər yoxdur. Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı KTMT-nin özündə heç vaxt yekdillik olmayıb. Məsələn, KTMT-nin üzvü olan Belarus Azərbaycana intensiv şəkildə əlaqədədir. Qazaxıstan və Qırğızıstan üçün Azərbaycanın da daxil olduğu Türk Birliyi KTMT-dən daha önəmlidir. Ermənistan yardım üçün Moskvaya üz tutandan sonra Gümrü şəhərində yerləşən 102-ci hərbi bazada döyüş hazırlığı elan edilib. Ancaq indiyə qədər, bir hərəkətlilik yoxdur.

Azərbaycanlı politoloqlar baş verənlərlə bağlı üç versiya irəli sürürlər. Birinci, KTMT-ni münaqişəyə cəlb etmək və ardınca bütün Ermənistan-Azərbaycan sərhədi boyunca rus “sülhməramlılarını” yerləşdirmək üçün sərhəddə erməni qüvvələri tərəfindən təxribatlar törətmək. İkincisi, avqustun 31-də Brüsseldə keçirilən görüşdə Nikol Paşinyan İlham Əliyevə nəsə söz verə bilərdi, lakin Vladimir Putinlə görüşdən sonra fikrini dəyişə bilərdi. Üçüncü, baş verənlər Ermənistan cəmiyyətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırlamaq üçün razılaşdırılmış planın bir hissəsi ola bilər.
Ermənistanın “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vigen Xaçatryan ötən gün baş nazirin iştirakı ilə parlamentin iclasında bildirib ki, son hadisələr onlar üçün təəccüblü olmayıb: “Paşinyan komanda üzvlərinə sülh müqaviləsinin bağlanmasının yaxın gələcəyin işi olmadığını deyib. Paşinyan praktiki olaraq Mülki Müqavilənin üzvlərinə Azərbaycanın dəhliz əldə etmək üçün hər şeyi edəcəyini söylədi, sonra əlavə etdi ki, onların vəzifəsi bu vəziyyəti ən azı 2 il saxlamaq, Azərbaycana iqtisadi və hərbi cəhətdən çatana qədər vaxtı uzatmaqdır. Ordunu yenidən silahlandıracaq və problemin hərbi yolla həllinə imkan verməyəcək. Əslində, müharibə başa çatdıqdan 2 il sonra Paşinyan anladı ki, ordunun saxlanması xərclərini azaltmaq yox, yenidən silahlandırmaq lazımdır”.
Bəli, Ermənistan rəhbərliyi nə etdiyini özü də bilmir. Gücünün olmadığını özü də bilir, amma iddiaları, maksimalist olması Ermənistanın yanlış addımlar atmağa zorlayır. Bu yanaşmanın fəlsəfəsi də itin hürmə səbəbinə çox yaxındır. Ay erməni, kimə və niyə hürürsən?
V.VƏLİYEV