PDF Oxu

Siyasət

  • 2 624

Dəyişməyən erməni xisləti: törədilən terror və qətliamlar TƏHLİL

Dəyişməyən erməni xisləti: törədilən terror və qətliamlar TƏHLİL

Bir xalqın, bir millətin Vətən oğullarının torpağa can fəda etməsi. Vətəni öz canından əziz tutanların düşünmədən od-alov içinə atılması - od püskürən müharibə alovuna. Neçə-neçə arzular qoynunda vətən sevgisini ən yüksəkdə tutmaq böyük aşiqliqdir, Vətənə sevgidir. Sanki Vətən üçün doğulublar onlar. Ata öz çiynində şəhid oğlunu son mənzilə yola salanda "Vətən sağ olsun", - deyir, Vətənin müqəddəsliyini şeirlə ifadə edir. İçindəki fəryadı vətən sevgisi ovudur. İlahi, bu nə gücdür. Od ürəkli, od nəfəsli diyarımızda Vətən oğlu ayaqdadır. Erməniyə kimliyini bir daha göstərmək üçün, dili, dini, torpağı olmayan erməniyə. İllərdir ki, xalqımız onun iyrənc əməllərindən terror aktlarından əziyyət çəksə də məğrurdur, yenilməzdir. Çünki onu dünyaya gətirən Ana vüqarlıdır, torpağı əzəmətlidir. Erməni anası kimi övladını qisasla böyüdən ana yox, əqidəsi, gücü ilə dünyaya səs sala biləcək oğul böyüdüb. Mübariz dəyanətli, Polad iradəli. Sabahın yeli olan Səbuhilər yetirib - bu dünyadan sabaha səs salacaq oğullar, Qalx, ayağa Azərbaycan! - deyəndə bir nəfər kimi uşaqdan böyüyə qədər hər kəs ayağa qalxıb. Koroğlu qeyrətli Azərbaycan xanımları da, Arəstələr vətən oğullarına arxa oldu.

ORDUMUZUN VERDİYİ DƏRS -DÜNYA HƏRB TARİXİNDƏ YENİ SƏHİFƏ
30 ilə yaxın işğal dövründə Azərbaycan hər zaman bu qisası almağa, ucadan-uca üçrəngli Azərbaycan bayrağını, qürurlu, əzəmətli Azərbaycan Bayrağını vətən torpağı üzərində məğrur-məğrur dalğalanacağı günün lap yaxında olduğunu yaxşı bilirdi. Vətən torpağına axıdılan şəhid qanının, qoca, qadın və uşaqların qışın sərt sazağında, yayın istisində el-obasından didərgin düşməsinin qisasının alınacağı günü səbirsizliklə gözləyirdi igid oğullarımız. Zaman yetişdi. Dəfələrlə erməninin törətdiyi təxribatları yaşamış xalqın qisası tarixə həkk olundu. Xocalı faciəsi, Ağdaban faciəsi, daha nələr, nələr. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz düşmənə necə dərs verdisə, dünya bu hərb tarixini də öyrənir. Dəfələrlə Cənab Prezident İlham Əliyev bəyan edib ki, ermənilər bir də baş qaldırsalar, "dəmir yumruq" yerindədir. Azərbaycanın gücü, hərbi potensialı dünyanın gözü qarşısındadır. Ermənistan beynəlxalq hüquq normalarını yenidən pozaraq sentyabrın 12-də gecə saatlarından başlayaraq, genişmiqyaslı təxribat törətdilər. Bu təxribatı törətməklə Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq və regionda hərbi gərginliyi artırmaq məqsədini reallaşdırmağa çalışıb. Ermənistanın hazırkı siyasi elitası 2020-ci il 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməməkdə, sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmaqda israrlı olduğunu göstərir. Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərini erməni təcavüzkarlarından azad edərək, işğala son qoydu. 30 ilə yaxın bir zamanda işğalda olan torpaqlarımız azad nəfəs aldı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər işğaldan azad olundu. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".
SÜLHƏ QƏNİM KƏSİLƏN ERMƏNİ ÇİRKİN ƏMƏLLƏRİNİ BİR DAHA ORTAYA QOYDU
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı zəfər tariximizə Qələbəmizi həkk etdi və bu, hər birimizdə böyük qürur, fəxarət hissi yaratdı. Bu tarixi qələbəmiz bütün dünyaya yayıldı və Azərbaycanın qısa bir zamandakı hərbi əməliyyatı, taktikası bu gün dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan "iti qovan kimi" qovaraq məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi. Bu gün artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə start verib. Azərbaycanın uğur və nailiyyətləri, Zəfəri dünya mətbuatının manjetinə çevrildi. Bəs, bu gün nə baş verdi? Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri apardığı bir zamanda Ermənistanın yenidən bu cür çirkin əməllərə əl atması təcavüzkar siyasət yürüdən Ermənistanın davamlı sülh prosesinə ciddi maneə olduğunu bir daha ortaya qoymuş olur. Hər zaman olduğu kimi, dost ölkələr, Türkiyə bugünkü situasiyada Azərbaycan xalqının yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb. Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını - deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib.Əlbəttə ki, Azərbaycana dost olan ölkələr, bütövlükdə türk dünyası Azərbaycan yanındadır. Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı ilə bağlı dərin narahatlığını bildirir və bu vəziyyəti qətiyyətlə qınayır. TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır.
"DƏMİR YUMRUĞ"UN GÜCÜNÜ GÖRMÜŞ ERMƏNİLƏR UNUTQANLIQ EDİRLƏR
Azərbaycanın bayrağını yüksəkliklərdən-yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Əlbəttə ki, Zəfərə qədər Azərbaycan Ordusunun şanlı tarixində mühüm yerlərdən birini tutan 2016-cı ilin Aprel döyüşləri artıq düşmənə Azərbaycanın gücünü göstərmişdir. "2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir: "Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı". 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı."Dəmir yumruğ"un gücünü görmüş ermənilər unutqanlıq edirlər. Bildiyimiz kimi, bu yaxınlarda qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdir. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı. Ermənilər bu günə qədər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. Bu gün vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayanır. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. Azərbaycanın haqq səsi dünya ölkələri tərəfindən dəstəklənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasəti nəticəsində ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirmiş və ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ərazisini erməni terrorçularından azad etdi. Artıq ermənilər Azərbaycan ordusunun gücünə bələddir. Öz havadarlarının gücünə arxalanmaları və unutmamalıdırlar ki, yenidən məzlum, dilənçi görkəmlə dünyaya əl uzadacaqlar.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər