Zəngilanın Ağalı kəndinə 29 ildən sonra yenidən günəş doğdu. O günəş ki, şəfəqləri ilə kəndə verəcək nuru, ziyanı daha da artırmış olacaq. Hər evdən yeni bir günəşin şəfəqləri boylanacaq. Elmi ilə sabahını nurlandıracaqdır. Paylandıqca tükənməyən bir xəzinəyə sahib olacaq bu kənd. İşığı nursuz diyarları rövnəqləndirəcəkdir. Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə səslənən zəng onlarla məktəblini yenidən bir məkana topladı. Yeni həyat, yeni gün. 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird bir məslək, bir əqidə uğrunda burada təhsil alacaqlar. Elmli, savadlı və sabahın qurucusu olaraq yetişəcəklər. Azərbaycan gəncliyinin bir qismi bu məktəbdən boy atacaq. Onlar heç zaman acı bir həyat yaşamış ata-babalarının həyat hekayəsini unutmayacaq və nə üçün 29 ildən sonra bu məktəbdə ilk zəngin çalındığını daş yaddaşlara köçürəcəklər. Nə üçün… Erməni təcavüzkar siyasəti nəticəsində əzəli torpaqlarından didərgin düşən insanlar məcburi köçkünə, qaçqına çevrildi. Çətin ictimai-siyasi böhran, soyqırımı… vətən, torpaq həsrəti, çadır həyatı. Nələr yaşamadılar?! Erməni nankorluğu, faşist ideologiyası bizə bu dəhşətləri yaşatdı. Bu gün bu məktəbdən boy atanlar Azərbaycan həqiqətlərini qalaq-qalaq kitablara həkk edəcəklər.
29 İLDƏN SONRA AĞALIDA İLK DƏRS GÜNÜ
Ağalıda ilk dərs günü. 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməli qoyuldu. Bu il mayın 27-də "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak etdilər. İşğala qədər bu inzibati ərazini 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıtdılar.
"AĞALI KƏNDİNİN TİMSALINDA HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI VƏ ÜMUMİYYƏTLƏ, HƏR BİR İNSAN BİZİM PLANLARIMIZI GÖRƏ BİLƏR"
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatı Zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika nəticəsində 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Bu gün Azərbaycan yeni bir dövrünü yaşayır. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Müasir tələblərə cavab verən Füzuli Beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, bölgəyə səfər edənlərin rahatlığının təminində önəmli faktordur. 8 ay ərzində inşa olunan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan reallıqlarından dünyaya bir mesaj oldu ki, ölkəmiz müharibədən sonra belə iri layihələrin icrasını uğurla reallaşdırdı. Məlum olduğu kimi, Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir ki, bu da regionun nəqliyyat imkanlarının daha da genişləndirilməsinə töhfə olacaq. Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Ağalıda da yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdı. Həmin ərazidə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası reallaşıb. Zəngilan rayonun Ağalı kəndində sürətlə görülən işlər buranı müasir bir məkana çevirdi. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyə Prezident bildirib. Burada insanlar üçün hər bir şərait yaradılıb. Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Ailə sağlamlıq mərkəzi, uşaq bağçası inşa olunub. İşğaldan azad olunan digər ərazilərimizdə görülən işlər deməyə bir daha əsas verir ki, Şuşaya, Füzuliyə, Ağdama və digər ərazilərimizə Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Bu ərazilərdə əzəli tarixi torpağın sakinləri yenidən yurd salacaqlar. İndi insanlar öz əzəli torpaqlarında rahat nəfəs alırlar. Torpaqla uzun həsrətdən sonra görüş oldu. Tükürpədicidir. Torpağa qayıdış!!! Torpağa salam vermək, onu qucaqlamaq. Bu ürək döyüntüləri. Gizli ürəyə axan sözlərin nisgilini, fərəhini qələmə almağa bəlkə də güc çatmaz. Kimləri itirdik, deyə bu torpağa ayaq basanlar bir ömür yaşadıqları acını bəlkə də kəndin astanasında bir anlığa unutdular. Əziz Ağalı, ruhən, mənən, cismən əbədi olaraq bu torpağa qayıtmışam!!!
Nəzakət ƏLƏDDİNQIZI