Türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha da güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış oldu. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sədrlik dövründə türk dünyasının birləşməsinə böyük töhfələrini verdi. Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və bu görüşün koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunması dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır. Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün tarixi əhəmiyyətinə toxunaraq bildirib ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var: "Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk".
"BİZƏ, HƏR BİRİMİZƏ ƏLAVƏ GÜC VERƏN TÜRKİYƏNİN GÜCLƏNMƏSİDİR"
Vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafı regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşmasına gətirib çıxarıb. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı–Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilib. Türkdilli dövlətlərarası irimiqyaslı infrastruktur layihələri də reallaşdırılıb və bu davamlıdır. Hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirilməkdədir.2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və ölkəmiz döyüş meydanında öz sözünü deyərək Zəfər qazandı.Hamının bildiyi kimi, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək, Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi. Eləcə də digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana siyasi dəstək göstərdilər.Bu gün dünya miqyasında Türkiyə siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. "Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir", - deyən Cənab Prezident bildirib ki, türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: "Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq".TDŞ hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq, Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermişdir. TDŞ-in baş katibi 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərir, bu xüsusda 2021-ci il sentyabrın 10-da Bakı şəhərində "Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş" biznes forum keçirilmişdir. Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq da olduqca önəmlidir. Belə ki, Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılmışdır.Ən çətin anlarda türk dünyası Azərbaycanın yanındadır. Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı qətiyyətlə qınayıb. TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır. Əlbəttə ki, bütün bunlar türk dünyasını vahid bir məslək ətrafında birləşdiyinin təcəssümüdür.
"ZƏNGƏZUR KORİDORU İSƏ HƏM TÜRK DÜNYASINI, HƏM AVROPANI, HƏM QONŞULARIMIZI BİRLƏŞDİRƏ BİLƏCƏK BİR LAYİHƏDİR"
Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün Azərbaycana ən çox dəstək verən də qardaş ölkə Türkiyədir. Türkiyənin bir çox şirkətləri infrastruktur layihələrində iştirak edirlər. Vurğulamaq yerinə düşər ki, Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə yanaşı, 12 türk şirkəti də iştirak edib.Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi böyük əhəmiyyətə malikdir. "Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir", - deyən Cənab Prezident bildirib: "1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq."
TDŞ ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın inkişaf etməsində ciddi rol oynayıb və bundan sonra töhfələrini verəcəkdir.
Zümrüd BAYRAMOVA