Azərbaycanın böyük zəfərinin başlanğıcı olan 27 sentyabr tarixinin ildönümünün yaxınlaşdığı bu günlərdə xalqımız erməni təxribatı xəbərləri ilə sarsıldı. 12 sentyabr tarixində, gecə saatlarında Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat nəticəsində qəhrəman hərbçilərimiz şəhid oldu. Hər bir şəhid xəbəri qəlbimizdə böyük bir yanğıya çevrilərək sonsuz kədər yaratdı. Bununla yanaşı, kədərimiz həm də qisas hissimizi körüklədi. Düşmən mütləq bu xain təxribatın cavabını verməli idi. Belə də oldu... Ermənistan törətdiyi təxribatın nəticələrini ağır şəkildə ödədi. Erməni tərəfinin rəsmi məlumatlarına görə 135 erməni hərbçisi məhv edildi. Ancaq hər birimiz bilirik ki, Ermənistanın real itkisi bundan ən az 2-3 qat çoxdur. Əlbəttə ki, bu bizim qəlbimizdəki yanğını, kədər hissini bir qarış belə azaltmır amma şəhidlərimizin qanının yerdə qalmadığını bilmək hər birimiz üçün təsəllidir. İlk növbədə də qəhrəman igidlərimizin ailələri, yaxınları üçün.Rəsmi İrəvanın sülh danışıqlarının getdiyi, real nəticələrin əldə olunduğu bu günlərdə bu hərəkəti etməsi təbii ki, anlaşılan deyil. Xatırlatmaq istərdim ki, çox deyil, cəmi iki həftə öncə - 31 avqust 2022-ci il tarixdə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü baş tutmuş, görüş nəticəsində real nəticələr əldə olunmuşdu. Görüşdə əldə olunan ən önəmli nəticə sülh müqaviləsinin təşviqi üzrə əsaslı işi gücləndirmək barədə razılığa gəlinməsi və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək tapşırığının verilməsi idi. Bu, bu günə qədər əldə olunan ən real nəticə idi. Daha sonra baş verənlər də yenə prosesin müsbət istiqamətdə getdiyinin sübutu idi. Azərbaycan beş erməni hərbçini qarşı tərəfə təhvil vermiş, sülh və etibar mühitinin yaranması üçün addım atmışdı. Amma həmişəki erməni xisləti yenə də özünü göstərməkdə gecikmədi. Günlərlə davam edən atəşkəsin pozulma hallarından sonra 12-13 sentyabr tarixlərində hadisələr daha böyük təxribat formasını aldı. Əlbəttə ki, Azərbaycan əsgəri düşməni atdığı addıma peşman etməkdə gecikmədi. Azərbaycan Ordusunun erməni təxribatına cavab olaraq gördüyü tədbirlər nəticəsində Ermənistan tərəfinin planları alt-üst oldu.Bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklərin nəzarətə götürülməsi sərhədin bu istiqamətində Ermənistan ordusuna strateji planda böyük zərbə oldu. Bunun nəticəsində Azərbaycan tərəfi geniş əraziyə nəzarət və düşmənin fəaliyyətlərini öncədən müşahidə etmək imkanına sahib oldu. Qısaca, Ermənistan yenə Azərbaycanın “Dəmir Yumruğ”u ilə üzləşməli oldu. Azərbaycan Silahlı Qüvvələrinin gücü, Ali Baş Komandanımızın sarsılmaz qətiyyəti və xalqımızın Ordusuna və onun rəhbərinə olan sonsuz inamı öz bəhrəsini verdi. Şübhə yoxdur ki, bundan sonra da erməni revanşizmi nə vaxt baş qaldırmağa cürət etsə qarşısında bu güclü, sarsılmaz tandemi görəcək.Bütün bunların fonunda əminliklə demək olar ki, Ermənistan 28 illik sülh danışıqları zamanında olduğu kimi indi də real nəticələrin əldə olunduğu zamanlarda süni yaradılmış toqquşmalar, məqsədli konfliktlərlə sülh gündəliyindən uzaqlaşmağa cəhd edir. Son günlərdə baş verən hadisələr təbiidir ki, yaradılmağa çalışılan etibar mühitinə və sülhə ciddi zərbədir. Ən pisi isə odur ki, 28 illik işğal dövründə, 44 günlük müharibə ərzində, Gəncənin, Mingəçevirin, Bərdənin, Tərtərin və digər Azərbaycan şəhərlərinin bombalandığı günlərdə olduğu kimi bu gün də bəzi “demokratik”, “humanist” Qərb dövlətləri yenə işğalçını, təxribatçını dəstəkləməkdən çəkinmir. Maraqlıdır, Fransadan baxanda Qarabağın, Şərqi Zəngəzurun, hətta Azərbaycanın Respublikasının sərhədlərini təyin etmək necə bu qədər çətin ola bilər. Ya da regiona heç bir aidiyyəti olmayan Hindistan kimi uzaq ölkələrin Azərbaycana beynəlxalq arenada təzyiq etmək cəhdi nədən xəbər verir. Axı Ermənistan az qala 30 il ərzində bütün dünyanın ərazi bütövlüyünü tanıdığı Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayırdı. Niyə o vaxt Ermənistan işğalçı, təcavüzkar ölkə kimi dünya arenasında köklü tənqidə, dərin sanksiyalara məruz qalmırdı. İndi bu ölkələr Azərbaycanı “əvvəlki mövqelərinə” çəkilməyə çağırır. Ancaq 30 il ərzində bir Avropa dövləti belə Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa çağırmır ya da onu təcavüzkar adlandırmırdı. Ədalətli mövqe göstərməyə gücü çatmayanların bu gün Azərbaycanı günahlandırmaqdan çəkinməməsi sadəcə acizlikdir. Öz maraqlarını ədalətdən, haqdan və haqlıdan üstün tutanlar bizdən nəyi, necə tələb edə bilər?Azərbaycan sülh yolu ilə irəliləməyə, bölgənin inkişafı, çiçəklənməsi, əməkdaşlıq layihələri ilə əhatələnməsi üçün çalışarkən baş verən bu hadisələr, hərbi toqquşmalar, 77 Azərbaycan övladının şəhid olması Ermənistanın ikiüzlü siyasətinin nəticəsidir. Ermənistanın bu gün də davam etdirdiyi bu siyasət ancaq bölgənin inkişafını istəməyən qüvvələrə və dünyada münaqişə ocaqlarının artmasında maraqlı olanlara xidmət edir. Ancaq necə olsa da Azərbaycan yenə öz qətiyyəti ilə bütün bu planları pozdu. Sadəcə ölkəmizə yox, ümumilikdə regionun sabitliyinə təhlükə olan Ermənistana öz cavabını verdi. Ümid edirik ki, nəhayət bir gün sadə erməni xalqı öz övladlarının əbəs yerə ölməsinə imkan verməmək üçün dövlətinin bu siyasətinin qarşısını kəsəcək və sülhü dəstəkləyəcək. Çünki erməni xalqının başqa çıxış yolu yoxdur. Ya yarıtmaz hakimiyyətin vaxtaşırı verdiyi səhv qərarlar nəticəsində övladlarının ölümünə şahid olmalı və ya iqtisadiyyatı tənəzzülə uğramış “dalan” ölkədə səfil həyatına razı gəlməli, ya da sülhə dəstək olaraq, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək nəyisə dəyişməyə cəhd etməlidir. Onu da unutmaq olmaz ki, Azərbaycanın səbri əbədi deyil, sülh müqaviləsi hər zaman masada olmayacaq. Ölkə başçımızın dediyi kimi, “Elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.
Xəqani Şirinov
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri