“İtdən soruşurlar ki, niyə hürürsən, deyir, qorxuduram, bəs quyruğun niyə titrəyir, deyir özüm qorxuram”. Bunu Ermənistan və ermənilər barəsində də demək olar. Təxribat törədirlər, cavabını alanda isə haray-həşir salırlar, aləmə car çəkirlər. Centayabrın 12-dən 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr kimi. İrəvanda təxribat planı hazırlanır, erməni diversiya qrupları əvvəlki taktika ilə, sakitlikdən istifadə edərək Azərbaycanın sərhəddəki postları arasındakı ərazilərə minaların basdırması üçün əməliyyat başlanır. Hərbçilərimizin ayıqlığı nəticəsində diversantların yerləri bəlli olur və atışma başlayır. Toqquşma o qədər güclü olur ki, hətta işə artileriya da qarışır. Erməni hərbçilərin təxribatı onlara baha başa gəlir. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan böyük itkilər verir. Təəssüf ki, Azərbaycan hərbçiləri arasında da şəhid olanlar olur. Sonra…
Sonrakı hadisələrin gedişindən bəlli olur ki, baş verən hadisələr Ermənistanın hərbu-siyasi rəhbərliyi tərəfindən hazırlanıb. Xronologiya belədir ki, təxribatın başlamasından yarım saat keçməmiş Ermənistanın baş naziri Paşinyan Fransa prezidentinə, ABŞ-ın dövlət katibinə, Rusiyanın dövlət başçısına, Avropa İttifaqının prezidentinə, beynəlxalq təşkilatlara, KTMT-yə əvvəlcədən hazırlanmış müraciətlərini göndərir, hay-haray salır ki, Azərbaycan bizi qırır, gəlin. Sonrası olaylar da təəssüfedicidir. Ermənistanın yalanlarına kos-koca Fransa, dünya siyasətində “quşu gözündən vuran” ABŞ, hadisələrin ta başından regionda olan Rusiya, dünyanın altını və üstünü bilən “qoca Avropa”, o cümlədən ermənilərin azı dişindəki çürükdən xəbəri olan KTMT ölkələri bu yalanlara reaksiya verir, bəziləri hətta Azərbaycanı ittiham etməyə qalxırlar. BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən biri olan Fransa TŞ-nin fövqəladə iclasının keçirməsini tələb edir. Yoxsa, tarix yenidən təkrarlanır? Yadınızdadırsa 44 günlük müharibə zamanı da bəzi nankorlar səbəbindən az qala Azərbaycana qarşı sanksiya paketi tətbiq edəcəkdilər…
Bəli, bu gün BMT TŞ-nin fövqəladı iclasının keçiriləcəyi anonsu verilib. Hər halda fövqəladə iclas tərəflərə tövsiyyələr vermək üçün toplanmır. Bəzi şər qüvvələr fürsət bilib Azərbaycana, haqlı tərəfə qarşı qətnamələr çıxara bilərlər. Düzdür, bəzi siyasətçilər BMT TŞ-nin 4 qətnaməsinin hələ də həyata keçmədiyini xatırlayırlar, amma ikili standartların olduğunu da yada salsaq pis olmaz.
Sentyavrın 14-də BMT TŞ-nin qapalı iclası keçirilir, növbəti gün isə açıq müzakirələr başlayır. İclasa TŞ-nin sədri olan Fransa moderatorluq edir. Təhlükəsizlik Şurasının dimi və qeyri-daimi üzvlərinin çıxışları başlayır və məlum olur ki, həmin dövlətlərin daimi nümayəndələri hadisəyə təxminən eyni istiqamətdən yanaşır və bununla da sanki işlərini bitmiş hesab edirlər. Müzakirələr müharibəyə çevrilən münaqişənin səbəblərinə aydınlıq gətirmək, 12-dən 13-nə keçə gecə nələrin və kimin günahı ucbatından baş verdiyini araşdırmaq əvəzinə məsələyə çox səthi yanaşıldı, son hadisələrin regionda əlavə gərginlik yaradacağı xəbərdarlığı edildi. Yenə əvvəlki yanaşma, əvvəlki loyal münasibət, məsələni həll etmək əvəzinə onu dondurmaq istəyi. Bu müzakirələr bir daha BMT adlı beynəlxalq təşkilatın dişsiz olduğunu bird aha təsdiq etdi, eyni zamanda bizə dost, yaxud düşmən olan ölkələri də üzə çıxardı. Ermənistanın şikayətinə can-başla reaksiya verən, onu BMT TŞ-nin müzakirəsinə çıxaran və bunun üçün öz veto hüququndan istifadə edərək fövqəladə iclas çağıran Fransa ilə bərabər Hindistanın da iç üzünü gördük. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Ruchira Kamboj çıxışında bəlkə də Ermənistan məruzəçisindən daha sərt danışdı, Azərbaycanı təcavüzkar adlandırdı. Sübutsuz, dəlilsiz, sadəcə şikayətçi ölkənin yalanlarına istinad edərək başqa bir ölkəni işğalda, təcavüzdə ittiham etmək diplomatik tərbiyyəsizlikdən, qərəzdən başqa bir şey deyil. Yəqin ki, Azərbaycan tərəfi bu “qiymət”i heç vaxt diqqətdən kənar qoymayacaq.
Məntiqi sual yaranır, Hindistan Ermənistan-Azərbaycan münaqişəsinin tarixini, səbəblərinin bilmədiyi halda niyə bu yanaşma sərgiləsin, yaxud, tutaq ki, münaqişə barədə məlumatı var, onda Azərbaycana belə düşmən münasibətin arxasında nə dayana bilər? Bəlkə Pakistanla Azərbaycanın qardaşlığı Dehlini özündən çıxarıb? Bu, mümkündürmü? Əcəba, bizim Hindistan qarşısında öhdəliyimizmi var ki, kiminlə dost, kiminlə düşmən olduğumuzu induslarla razılaşdıraq? Bunlar özlərini nə sanırlar, yoxsa… Bu “yoxsa”lar, “bəlkə”lər çox ola bilər. Amma bir hadisə olmamalı idi, amma oldu. Hindistan da ifşa olundu, daha doğrusu özünü ifşa etdi. Ermənistanın işğalçı siyasətinə şərik çıxdı. Yəqin ki, Ermənistanda indus mahnılarının bundan snra tez-tez eşidəcəyik. Bu ölkənin xaricə ixrac edəcəyi başqa nəyi var ki?..
BMT də öz aurasında qaldı, 1992-ci ildə qəbul etdiyi 4 qətnamənin işlək mexanizmə çevrilməsini təmin etmədiyi, yaxud edə bilmədiyi yaddan çıxmayıb. 4 dişsiz qətnamədən sonra BMT-nin Fransanın təhriki ilə toplanması və müzakirə aparması, üstəlik tərəflərin başına guya ağıl qoyması gülünc deyildimi? Bunlar kimi aldadırlar? Məgər bilmirlərmi BMT-nin əvvəlki gücü qalmayıb, tükənib? Səbəblərini də bilmirlər? Əlbəttə bilirlər, TŞ-nin 5 daimi üzvlərinin “veto” əməllərindən də, ədalətin axırına çıxdıqlarından da, həm qərəzli, həm dişsiz qətnamələr qəbul etmələrindən də dünyanın xəbəri var. Onu da bilirik ki, bu qurum TŞ daimi üzvlərinin əlində oyuncağa çevrilib, yalnız 5 dövlətin çaldığı havaya oynayır. Azərbaycanın erməni silahlı qüvvələrinin təcavüzü barədə BMT-yə şikayətinə dərhal reaksiya verildiyi, təcili iclas çağırdığı bəlkə kiminsə yadındadır? Əziyyət çəkib tarixin səhifələrini vərəqləməyin, belə bir şey olmayıb. Bir sözlə, BMT 30 il bundan əvvəl olduğu kimi, bu dəfə də sinifdə qaldı. Çünki gündəliyindəki “2”lər onun hansı səviyyədə olduğundan xəbər verir.
… Ermənistan tərəfi ümid edirdi ki, KTMT-yə üzv dövlətlər öhdəliklərə uyğun olaraq Qazaxıstanda yanvar iğtişaşları zamanı olduğu kimi, ona da lazımi yardımı göstərəcəklər. Halbuki baş nazir Paşinyan da bildirib ki, Ermənistanla Rusiya arasında hərbi yardım barədə razılaşma var. Ermənistanın ehtimallarına rəğmən nə Rusiya, nə də KTMT ölkələri bölgəyə ordu yeritdilər. Yalnız, KTMT-nin faktaraşdırıcı komissiyası İrəvana gəlib, söz veriblər ki, hadisə yerinə də baş çəkəcəklər.
Fransada isə bir qrup deputat Ermənistana hərbi yardım göstərilməsi xahişi ilə hökumətə müraciət hazırlayıb. “Le Figaro” yazır ki, Makron bu münaqişənin və ondan irəli gələn bütün məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinə kömək etmək üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıb. Amerika Birləşmiş Ştatları baş verənlərlə bağlı narahatlığını ifadə edib.
Eyni zamanda, Bakı və İrəvanla sıx əlaqədə olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Tvitter hesabında yazıb ki, gərginliklə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb. Vurğulayıb ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaardan “daha da gərginliyin qarşısını almaq üçün” Bakı və İrəvana səfər etməyi xahiş edib. Bu arada Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sərhəddə hazırda mövcud olan bütün məqsədlərə nail olunduğunu bəyan edib.
Ermənistanın Azərbaycanla yeni münaqişəyə başlaması sərfəli deyil. Çünki Azərbaycan texnologiya sahəsində ciddi üstünlüyə malikdir. Ermənistanın əsas müttəfiqi Rusiya isə Ukrayna münaqişəsinə cəlb edilib. Əvvəllər Ermənistan-Azərbaycan münaqişəsindən hər vəchlə uzaqlaşan, bunun üçün müxtəlif səbəblər tapan KTMT-yə də böyük ümidlər yoxdur. Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı KTMT-nin özündə heç vaxt yekdillik olmayıb. Məsələn, KTMT-nin üzvü olan Belarus Azərbaycana intensiv şəkildə əlaqədədir. Qazaxıstan və Qırğızıstan üçün Azərbaycanın da daxil olduğu Türk Birliyi KTMT-dən daha önəmlidir. Ermənistan yardım üçün Moskvaya üz tutandan sonra Gümrü şəhərində yerləşən 102-ci hərbi bazada döyüş hazırlığı elan edilib. Ancaq indiyə qədər, bir hərəkətlilik yoxdur.
Azərbaycanlı politoloqlar baş verənlərlə bağlı üç versiya irəli sürürlər. Birinci, KTMT-ni münaqişəyə cəlb etmək və ardınca bütün Ermənistan-Azərbaycan sərhədi boyunca rus “sülhməramlılarını” yerləşdirmək üçün sərhəddə erməni qüvvələri tərəfindən təxribatlar törətmək. İkincisi, avqustun 31-də Brüsseldə keçirilən görüşdə Nikol Paşinyan İlham Əliyevə nəsə söz verə və Vladimir Putinlə görüşdən sonra baş nazir fikrini dəyişə bilərdi. Üçüncü, baş verənlər Ermənistan cəmiyyətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırlamaq üçün razılaşdırılmış planın bir hissəsi ola bilər.
Ermənistanın “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vigen Xaçatryan Paşinyanın iştirakı ilə parlamentin iclasında bildirib ki, son hadisələr onlar üçün təəccüblü olmayıb: “Paşinyan komanda üzvlərinə sülh müqaviləsinin bağlanmasının yaxın gələcəyin işi olmadığını deyib. Baş nazir faktiki olaraq “Vətəndaş Müqaviləsi” blokunun üzvlərinə Azərbaycanın dəhliz əldə etmək üçün hər şeyi edəcəyini söylədi, sonra əlavə etdi ki, onların vəzifəsi bu vəziyyəti ən azı 2 il uzatmaq, Azərbaycana iqtisadi və hərbi cəhətdən çatmaqdır. Ordunu yenidən silahlandıracaq və problemin hərbi yolla həllinə imkan verməyəcək. Əslində, müharibə başa çatdıqdan 2 il sonra Paşinyan anladı ki, ordunun saxlanması xərclərini azaltmaq yox, yenidən silahlandırmaq lazımdır”.
Bəli, Ermənistan rəhbərliyi nə edəcəyini bilməsə də, gücünün yetərli olmadığını bilir. Amma iddiaları, maksimalistliyi Ermənistanın yanlış addımlar atmağa zorlayır. Bu yanaşmanın fəlsəfəsi də itin hürmə səbəbinə çox yaxındır. Ay erməni, kimə və niyə hürürsən?
V.VƏLİYEV