44 günlük müharibədən sonra fiaskoya uğramış, ordusu, silah arsenalı darmadağın edilmiş Ermənistan bundan ciddi nəticə çıxarmalı, öz xalqının rifahı naminə gələcək fəaliyyətini yalnız sülh istiqamətində qurmağa çalışmalı idi. Lakin post-müharibə dövründə müşahidə olunanlar onu göstərir ki, düşmən yenə də dərs almayıb və öz xain xislətindən əl çəkə bilmir. Sonunda heç nə əldə edə bilməyəcəyini, hətta əksinə itkilər verərək geri çəkiləcəyini bilə-bilə təxribatlara imza atır. Bu günə qədər bunun bir neçə nümunəsini görmüşük. Belə ki, 2021-ci il noyabrın 16-da erməni silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindəki yüksəklikləri ələ keçirmək niyyəti ilə təxribata baş vurmuş ancaq Silahlı Qüvvələrimiz tərəfindən çox sərt qarşılıq alaraq geri çəkilməyə məcbur edilmişdir. Daha sonra yaxın dövrdə ötən ayın 03-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmağa başlamış, nəticədə bir hərbi qulluqçumuz şəhid olmuşdu. Azərbaycan tərəfi çox qısa müddət ərzində düşməni atdığı bu addıma peşman etmiş, ona layiqli dərsini verərək şəhidimizin qanını yerdə qoymamışdır. Qısaca, erməni revanşistlərinin hər belə hücumu Azərbaycan tərəfindən dərhal dəf edilir, əvəzində Azərbaycan Ordusu yeni ərazilərə nəzarət etmək imkanı əldə edir. Bütün bunları unudan ya da ümumiyyətlə hadisələrdən dərs çıxarmayan Ermənistan həftə ərzində daha bir hücuma cəhd göstərdi. Sentyabr ayının 12-si gecə saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətdi. Əlbəttə ki, Ermənistan tərəfinin bu hücumu cavabsız qalmadı. Azərbaycan Ordusu Ermənistanın uzun müddətdir ciddi cəhdlə çalışdığı bütün hərbi planları və revanşist siyasəti darmadağın etdi, təxribatlara ən yüksək səviyyədə cavab verdi. Müzəffər Ordumuz 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə azğınlaşmış düşmənin təxribatlarına layiqincə nöqtə qoydu. Azərbaycan bu təxribatları alt-üst etməklə həm də dünyaya, o cümlədən beynəlxalq təşkilatlara bir daha göstərdi ki, Ermənistan müharibədən sonrakı sülh danışıqlarını gecikdirməyə, öz təsdiqini tapmış məsələlərin həllindən yayınmağa, sərhədlərin dəqiqləşdirilməsini ləngitməyə çalışır. Ancaq digər bir çox məsələdə olduğu kimi, bu məsələdə də Ermənistan uğursuzluğa düçar olacaq. Çünki, Azərbaycanın sarsılmaz iradəsi Ermənistanı gec-tez reallıqlarla barışmağa məcbur edəcək. Bu gün ya da sabah Ermənistan anlayacaq ki, onların sülhdən və əməkdaşlıqdan başqa çarəsi yoxdur. Beləliklə, ölkə başçımızın cari ildə İsmayıllı rayonuna səfəri zamanı söyləmiş olduğu fikirləri xatırlatmaq istərdim. Sitat: “Onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə”.
Onu da vurğulamaq istərdim ki, baş verən hadisələr iki ölkə cəmiyyətinin ölkə rəhbərliyinə və orduya olan inamını bir daha aydınlatdı. Azərbaycan xalqı bu hadisələrdə həyatını vətənə fəda edən şəhidlərini böyük izdihamla torpağa əmanət etdi, ölkə rəhbərliyinin, Ordunun yanında oldu, ona dəstək verdi. Lakin Ermənistan cəmiyyətində yenidən böyük çaxnaşma yaşandı: parlament binası qarşısında edilən aksiyalar, ölkə rəhbərliyinin istefasının tələb edilməsi və s. Bəli, bizim üçün Vətən müqəddəsdir, toxunulmazdır və bizlər onun uğrunda canımız fəda olsun ideologiyası ilə yetişmiş bir xalqıq. Əsgərin, zabitin, ümumiyyətlə Ordunun və ona rəhbərlik edən Ali Baş Komandanın yanında olan soydaşlarımız hər bir şəhid ailəsi ilə birlikdə üzüldü, onların dərdinə şərik oldu. Amma təəssüflər olsun ki, belə həssas bir məqamda sapı özümüzdən olan baltalar yenə də sakit durmadı. Baş verən hadisələri təhrif edərək, insanların hissləri ilə oynayaraq özlərini tirajlayan müxalifətçilər bu dəfə də aldıqları qonorar hesabına əhalidə çaşqınlıq yaratmağa cəhd etdi. Aydındır ki, Avropada ermənipərəst havadarlar hesabına dolanan, oğlu müharibə zamanı xaricdə əyləncələrdə olan, vaxtilə ölkə rəhbərliyində olub, amma ölkəni idarə edə bilməyən kəslərdə vicdan, məntiq və vətənpərvərlik əvəzinə ölkəni daxildən parçalamaq istəyi daha yüksəkdir. Bu üzdən iraqlar atəşkəsi pozan, revanş hissləri ilə yaşayan, insan həyatına son qoyacaq təxribatlar törədən Ermənistan və sülhə çağırışlar edən, regionda sabitliyin, sərhədlərin dəqiqləşməsi, sülh müqaviləsinin imzalanması üçün əməli addımlar atan Azərbaycan arasındakı fərqi görmür. Düşməni Azərbaycan xalqından, Azərbaycan şəhidindən daha üstün tutur. Belələrinə layiqi qiyməti xalq və tarix özü verəcəkdir.
Əli Kərimov
Pirallahı rayonu Ağsaqqallar Şurasının sədri