PDF Oxu

Siyasət

  • 1 669

Xalqın nankorları - ŞƏRH

Xalqın nankorları - ŞƏRH

Narahatverici məqamlardan biri də budur ki, Azərbaycanı hədəf alan bəyanat və açıqlamaları təkcə adət etdiyimiz, ənənəvi olaraq hər addımda Azərbaycanı baltalamaq istəyən xarici qüvvələrdən deyil, həm də sapı özümüzdən olan baltalardan, AXCP, Musavat və Milli Şura təmsilçilərindən də eşidirik. İndi müqəddəs Vətən savaşının ən ağır, ən çətin mərhələsini yaşayırıq - əsəb müharibəsini. Düşmən və prosesdən qazancla çıxmaq istəyənlər əsəblərimizi tarıma çəkmək, səhvə yol verməyimizi istəyirlər. Bu mərhələdən yalnız və yalnız səbrlə, soyuqqanlığımızı, birliyimizi qoruyaraq uğurla çıxa bilərik.

Azərbaycan xalqı iki ilə yaxındır ki, doğma, əzəli torpağı olan Qarabağın 30 illik erməni işğalından azad olunmasının sevincini və qürurunu, həmçinin, böyük zəfərdən ötən qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Qarabağa böyük qayıdışın həyəcanını yaşayır. Məğlubiyyəti ilə barışmayan, xüsusilə, Qarabağda həyata keçirilən möhtəşəm quruculuq, bərpa işlərini həzm edə bilməyən Ermənistan hər zamankı xislətinə uyğun olaraq təxribatlardan əl çəkmir, bölgədə sülhü, təhlükəsizliyi təhdid altında saxlayır. Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətməsi bir daha onun pozuculuq siyasətini ortaya qoydu.

Azərbaycan ordusun erməni təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatı , Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribata layiqli cavab verildi.Ordumuzun tərxibata qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı hücum xarakterli obyektlər darmadağın edilib.Ermənistanın siyasi və hərbi davranışları göstərirdi ki, Ermənistan revanşa, Azərbaycana hücuma hazırlaşır, hərbi əməliyyatlara start vermək fikrindədir. Odur ki, qalib Azərbaycan Ordusu qətiyyətli cavab zərbələri ilə İrəvana heç vaxt unutmayacağı dərsi verdi. Təbii ki, Azərbaycan bütün hərbi tədbirləri beyəlxalq hüquqa uyğun olaraq, öz sərhədlərinin müdafiəsi məqsədi ilə həyata keçirdi və cavab tədbirləri zamanı Ermənistan əhalisinə, mülki infrastruktura heç bir ziyan vurulmadı.

Azərbaycan Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatla bir daha öz qüdrətini, döyüş hazırlığını həm qarşı tərəfə, həm də onun havadarlarına nümayiş etdirdi. Ordumuz dünyaya bir daha bəyan etdi ki, düşmənin bütün növ təxribatlarına adekvat cavab verməyə hər zaman hazırdır. Düzdür şəhidlərimiz oldu. Azərbaycan üçün canlarını fəda etməyə and içən oğullarımızı, son rəsmi məlumatlara görə 80 igid övladımızı itirdik və onların xatirəsi daima hər bir insanımızın qəlbində yaşayacaq. Onlar öz qanları, canları bahasına ermənilərin və onların havadarlarının Azərbaycan üzərində oynamaq istədikləri oyunların qarşısını aldılar, düşmənin sərhədlərimizə daxil olaraq əsgərimizin, zabitimizin, mülki insanımızın hədəf alınmasına imkan vermədilər. Canlarından da çox sevdikləri vətənimizi qorudular. Lakin təəssüf ki, işğalçı məlum olduğu halda, təcavüzkar məlum olduğu halda beynəlxalq birlikdən Azərbaycan əleyhinə bəyanatların şahidi oluruq. Başqa sözlə, niyəsə 30 illik işğal dövründə susan ölkələr və təşkilatlar indi öz sərhədlərini qorumaq üçün əməliyyat keçirən Azərbaycanı qınaq obyektinə çevirməyə cəhdlər edirlər. Sual olunur Azərbaycan nə etməli idi? Düşmənin ərazilərimizə daxil olaraq əsgərlərimizin təminat yollarını minalamasına, ordumuzu və mülki insanımızı hədəf almasına göz yummalı idimi? Bizi guya ki, Ermənistan ərazisinə təcavüz etməkdə günahlandırılar. Anlamırlar ki, Azərbaycanın Ermənistanın ərazisindəki bəzi hücum postlarını məhv etməsi heç də, həmin ölkənin ərazisinə olan təcavüz kimi qiymətləndirilə bilməz. Biz müdafiə olunan tərəfik. Hardan üstümüzə həmlə edilirsə, oranı vurmağa, zərərsizləşdirməyə məhkumuq. Bu baxımdan, Ermənistanın son hadisələrə güya onun ərazisinə olunan hücum kimi qiymətləndirilməsi cəfəngiyyatdan başqa nəsə deyil. Odur ki, nə İranın, nə Fransanın, nə də bizləri hədəf alan ayrı-ayrı dövlət və beynəlxalq təşkilatların bu istiqamətdəki davranışı heç bir halda qəbuledilən deyil.

Lakin narahatverici məqamlardan biri də budur ki, Azərbaycanı hədəf alan bəyanat və açıqlamaları təkcə adət etdiyimiz, ənənəvi olaraq hər addımda Azərbaycanı baltalamaq istəyən xarici qüvvələrdən deyil, həm də sapı özümüzdən olan baltalardan, AXCP, Musavat və Milli Şura təmsilçilərindən də eşidirik. Üç-dörd gündür ki, şəhid və qazilərimizin adıları ilə manipulyasiya edərək sosial şəbəkələrdə keçirilmiş əməliyyatlara kölgə salmağa çalışan, “münaqişə bitmişdisə, niyə şəhid veririk?” - deyib bağıran bu antimilli ünsürlər ictimai rəyə çaşdırmağa cəhd edərək, guya ki, əməliyyat nəticəsində heç nəyə nail olmadığımızla bağlı açıqlamalar yayırlar. Sual olunur: öz torpaqlarını düşmən hücumundan qorumaq nə vaxtdan qəbahət olub? Sizlər hansı ağıl və məntiqlə bir neçə saatın içində Ermənistan ordusunun çoxlu sayda canlı qüvvə və texnikasının məhv edilməsini, Ermənistan ərazisindəki hərbi infrastrukturların darmadağın edilməsini və ya sərhəd boyu bizə təhdid yaradan atəş nöqtələrinin susdurulmasını “heç nəyə nail olmamaq” kimi təqdim edirsiniz? Məgər sizlər anlamırsız ki, “münaqişə bitib” deyəndə Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu və danışıqların predmeti olmadığı nəzərdə tutulur? Bunu hətta Paşinyan da dərk edir. Məhz onun nəticəsidir ki, indiyə qədər istər Rusiya, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda Qarabağın statusu və ya oradakı ermənilərin hansısa imtiyazları ilə bağlı məsələlər bircə dəfə də olsun müzakirə predmetinə belə çevrilməmişdir. Ancaq münaqişənin bitdiyi ilə razılaşmayan Ermənistan öz havadarlarının dəstəyi ilə yenə də torpaqlarımıza göz dikirsə nə etməliyik? Yenidən torpaqları onlara peşkəşmi etməliyik? Təbii ki, qarşıda erməni kimi mənfur düşmən varsa demək ki, döyüşlər də qaçılmazdır. Odur ki, bu müqəddəs savaşda şəhidlərin olması da qaçılmazdır. Təbii ki, hər birimizin ürəyi ağrıyır və yeganə təsəllimiz düşməndən aldığımız qisasdır. Mən tamamilə əminəm ki, bu hələ son deyil. Onların qisası bundan sonra da, hər gün, erməni Azərbaycana qarşı təcavüzündən əl çəkənə qədər alınmaqda davam edəcək.

Beləliklə, Ermənistan bu dəfə də niyyətinə çata bilmədi. Azərbaycanın rəşadətli Ordusu düşmənə, Ermənistandakı revanşist qüvvələrə ölkəmizə və hərbi bölmələrimizə qarşı həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Ordumuzun təxribatlara cavab olaraq həyata keçirdiyi unikal əməliyyat işğalçının bu dəfəki planlarını da alt-üst etdi. Dövlətimizin başçısının söylədiyi kimi, Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu bir həqiqətdir ki, hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. İstər I Qarabağ savaşında, istər 44 günlük Vətən Müharibəsində, istərsə də son təxribatlar zamanı şəhid olan qəhrəman oğullarımız bir daha sübut etdi ki, bu torpaq, bu Vətən bölünməzdir, ona qarşı edilən təhdidlərə canını sipər edən cəsur övladları var. Xalq və ordu birliyi və Prezident İlham Əliyevin sərrast siyasi strategiyası böyük zəfərimizin qarantıdır.

Malik Mustafayev

Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

Digər xəbərlər