PDF Oxu

Siyasət

  • 3 497

İnsan kapitalı: uğurlu gələcəyimizin təminatı TƏHLİL

İnsan kapitalı: uğurlu gələcəyimizin təminatı TƏHLİL


Dövlət başçısının Sərəncamı ilə yeni modul tipli təhsil müəssisələrinin quraşdırılmasına büdcədən 5,0 (beş) milyon manat ayrılıb

Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti 19 sentyabr 2022-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılıb.
Belə ki, Kürdəmir rayonunun Axtaçı kəndində 56 şagird yerlik, Şamaxı rayonunun II Cabanı kəndində 80 şagird yerlik, Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik, Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik, Goranboy rayonunun Kürəkçay kəndində 56 şagird yerlik, Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik, Qusar rayonunun Hil sirt kəndində 132 şagird yerlik, Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik, Lerik rayonunun Buruq kəndində 40 şagird yerlik, Yardımlı rayonunun Cirimbel kəndində 80 şagird yerlik və digər ərazilərdə modul tipli məktəblərin quraşdırılacaq.
Bu sənəd görülən işlərin davamının təzahürüdür. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Artıq Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib. Dövlət başçısının yüksək diqqəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi davam etməkdədir.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin. Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər