Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə “Anım Günü” kimi qeyd olunması ilə bağlı 2 dekabr 2020-ci il tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.1988-ci ildə başlayan Qarabağ hadisələri zamanı kəndlərimiz, şəhərlərimiz dağılmış, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi;1990-cı illərin əvvəllərindən isə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzkar siyasəti daha fəal müstəviyə keçmiş və topaqlarımızın 20 faizə qədərinin işğalı baş verdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin rəsmi İrəvan bu döyüşlərdən lazımi nəticə çıxarmadı.2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan güclü ordu, dəmir yumruq kimi xalq var!
Cavid İsmayılov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi