PDF Oxu

Siyasət

  • 2 418

XİN başçılarının ABŞ görüşü: vəd edilən nədir? ANALİTİK+AKTUAL

XİN başçılarının ABŞ görüşü: vəd edilən nədir? ANALİTİK+AKTUAL

Bakı öz qətiyyətli sözünü deməklə yanaşı, mövcud fəaliyyətini bundan sonra da dəyişdirmədən, siyasi iradəsini nümayiş etdirməsi ilə davam etdirəcək

Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü keçirildi. Rəsmi məlumatlardan da aydın oldu ki, bu görüş heç də Brüsseldə bəyan edilmiş sülh razılaşması mətninin işlənməsi ilə əlaqəli deyil. Ancaq buna baxmayaraq, Blinken də öz növbəsində bəyan etdi ki, qarşıda daha bir görüşün keçirilməsi planlaşdırılır.
Bayraq düzülüşlərindən hansı nəticələri çıxarmaq olar?
Görüş zamanı isə bəzi diqqət çəkən detallar oldu. Misal üçün, Amerika tərəfi iştirakçı dövlətlərin bayraqlarını elə bir şəkildə sıralayıb ki, Ermənistanın bayrağı mərkəzdə olub. Halbuki, adətən münaqişə tərəflərinin bayraqları kənarlarda, görüşü təşkil edən ölkənin bayrağı isə ortada yerləşdirilir.Bu baxımdan, əgər bayraqların sıralanmasında həqiqətən də səhvə yol verilibsə, bu zaman Blinken məhz erməni bayrağının fonunda çıxış edib. Yox, əgər bayraq düzülüşləri məhz məqsədli şəkildə bu cür sıralanıbsa, onda ABŞ nümayiş etdirməyə çalışıb ki, onlar üçün diqqət mərkəzi ABŞ-ın maraqları deyil, məhz Ermənistandır... Beləliklə, prosesin gedişatına keçək və nəticələr hasil edək.
ABŞ rəsmi olaraq hər hansı bir vasitəçilk formatında yer almır
ABŞ sözügedən görüşün təşkilatçısı kimi çıxış edib və hər hansı rəsmi vasitəçilik formatı mövcud deyil. Əgər ABŞ rəsmi vasitəçiyə çevrilərsə, onda format gündəliyinin işlənməsi zərurəti meydana çıxır. Erməni tərəfi isə buna ümid edir və son addımları ilə cərəyan edən hadisələrə “xilas mənbəyi” kimi yanaşır.Etiraf edək ki, Ermənistan 44 günlük müharibədən hazırkı zamana qədər heç bir halda “status” mövzusunu danışıqlar masasında reallaşdıra bilmədi – nə ölü quruma çevrilmiş ATƏT-in Minsk qrupunda, nə Brüssel, nə də Moskva formatlarında. Və əgər ABŞ məhz erməni maraqlarını açıq müdafiə etməsi ilə “status” məsələsini gündəmə çıxarmağa cəhd edəcəksə bu zaman həmin cəhd Vaşinqtonun Brüsselə bəslədiyi ümidlərinin puç olduğunu nümayiş etdirəcək. Daha dəqiq desək, Vaşinqton Brüsselin üzərinə qoyduğu funksiyanın yerinə yetirilmədiyinə işarə edəcək. Ancaq daha bir fakt budur ki, Azərbaycan nə onda, nə indi, nədə bundan sonra heç vaxt “status” iddiasına ciddi baxmayıb, baxmayacaq da.
Beləliklə, erməni hakimiyyəti İrəvanın subyektliyini məhz ABŞ-ın və Fransanın köməyi ilə reallaşdırmağa çalışır
Ermənistan rəhbərliyi isə özünün subyektlik səviyyəsini qaldırmağa çalışır. Lakin bu çalışması ilə özünü daha çətin vəziyyətə salır. Daha doğrusu, bunu üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi, üstəlik, sərhəddəki təxribatları ilə isbatlayır.Beləliklə, erməni hakimiyyəti İrəvanın subyektliyini məhz ABŞ-ın və Fransanın köməyi ilə reallaşdırmağa çalışır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas problemi həm də ondan ibarətdir ki, onlar subyektlik enişinin səbəblərini anlamaq istəmirlər. Yəni Azərbaycana qarşı aqressiya, ərazilərin işğalı və s. kimi amillər İrəvanın xarici siyasətinə keçilməz məhdudiyyətlər qoymaqdadır. Hazırkı mərhələdə Ermənistanın məsuliyyətsiz rəhbərliyi hazırkı axarı dəyişməyə çalışaraq gerçək situasiyada nə qədər təhlükələrə doğru sürüklənməsinin fərqinə varmır. Bu vasitə ilə Nikol Paşinyan Azərbaycan ərazilərinə iddialarını saxlamaqla ona diktə edən ağasını dəyişməyə cəhdlər göstərir. Amma haraya qədər..?
Yalnız sülh sazişinin imzalanması Ermənistanın enişdə olan subyektivliyinin qarşısını ala və onu yüksəldə bilər

Hazırda Nikol Paşinyanın özünə aparması - məhz xarici siyasət prioritetlərini anidən döndərməsi regionu növbəti müharibəyə doğru istiqamətləndirir. Regionda rəqabət aparan geosiyasi mərkəzlər isə açıq münaqişəyə keçid edə bilərlər. Eyni zamanda, Azərbaycana qarşı erməni təxribatına kifayət qədər sərt və iri miqyaslı cavab verildi. Bu, həm də onu göstərdi ki, Azərbaycan istənilən təhlükələrə cavab verməyə hazırdır. Üstəlik, Azərbaycanın regionda Türkiyə kimi müttəfiqi var və söz yox ki, nə Bakı, nə də Ankara üçüncü qüvvələrin İrəvanla bağlı hansı fəaliyyətlər planlaşdırmalarını gözləmək fikrində də deyillər. Yalnız sülh sazişinin imzalanması Ermənistanın enişdə olan subyektivliyinin qarşısını ala və onu yüksəldə bilər. Yəni nəticədə İrəvanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişi imzalamasıdır.
Azərbaycan sülh prosesinin reallaşması məsələsində səmimi davranan, ikili standartlardan yanaşmayan istənilən siyasi-diplomatik dairələrlə müzakirələrin aparılmasına əngəllər deyil, şərait yaradır
Və əgər bu doğru seçim edilərsə onda Ermənistanın ölkə olaraq xəritədə qalma şansları arta, hətta enişdə olan subyektliyi də yüksələ bilər. Təbii ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-dakı görüşləri zamanı da həmin reallıqlar ortada olub və Azərbaycanın mövqeyi budur ki, ümumiyyətlə, Qarabağ mövzusu bağlıdır və Ermənistanla müzakirə predmeti ola bilməz.Ermənistan-Azərbaycan gündəmi isə özündə birmənalı olaraq dövlətlərarası xarakteri daşıyır və məntiqlisi də budur ki, rəsmi Bakı sülh sazişində ümumiyyətlə, Qarabağın adının çəkilməsinə imkan verməyəcək. Habelə, fakt budur ki, Azərbaycan sülh prosesinin reallaşması məsələsində səmimi davranan, ikili standartlardan yanaşmayan istənilən siyasi-diplomatik dairələrlə müzakirələrin aparılmasına əngəllər deyil, şərait yaradır. Əks halda isə Bakı öz qətiyyətli sözünü deməklə yanaşı, mövcud fəaliyyətini bundan sonra da dəyişdirmədən, siyasi iradəsini nümayiş etdirməsi ilə davam etdirəcək.
Rövşən RƏSULOV

Digər xəbərlər