Siyasət

  • 1 746

Regional kommunikasiya layihələrinin reallaşmasına Azərbaycan töhfələr verməkdədir ŞƏRH

image

Dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlarla Azərbaycanın əməkdaşlıq etməsi artıq reallıqdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində nüfuzu hər keçən gün daha da artan Azərbaycan bu gün etibarlı tərəfdaş kimi dünya ölkələrinin diqqət mərkəzindədir. Dünya ölkələri ilə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını, davamlı inkişafını prioritet istiqamətlərdən biri hesab edir. Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kurs sayəsində Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları, mötəbər qurumları ilə əlaqələrini daha da genişləndirib, möhkəmləndirib. Dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq siyasi qələbələrə imza atıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib. Prezident İlham Əliyevin 16 sentyabr tarixində Sammitdə çıxışı zamanı səsləndirdiyi fikirlər aktual olmaqla, ölkəmizdə tranzit və nəqliyyat-logistika sahəsində həyata keçirilən islahatların, görülən işlərin təqdim edilməsi, həmçinin gələcəkdə nəzərdə tutulan nəqliyyat-kommunikasiya layihələrinin icrası üçün əhəmiyyətli olan və ölkələrarası münasibətlərə təsir edəcək bir sıra məsələlərin çatdırılması istiqamətində olduqca əhəmiyyətli idi.Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Prezident İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı sülhsevər və inkşafa hesablanmış təşəbbüslərlə çıxış edən, öz milli maraqlarını gerçəkləşdirən Azərbaycanın dünyamiqyaslı nüfuzunun, uğurlu xarici siyasətinin bir daha nümayişi oldu. Sammitdə ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasına verdiyi böyük töhfələrdən, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən, Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə böyük töhfə verəcəyini qeyd edib. Sammitdə Azərbaycanın iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqidir. Azərbaycan xarici siyasət kursunda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulması çox önəmli yer tutur. Çox qürurverici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya, Çin, Türkiyə kimi qitə liderlərinin iştirak etdiyi Səmərqənddəki Zirvə görüşündə düşmən təxribatına layiqli cavab verən ordunun Ali Baş Komandanı kimi iştirak edirdi. Bu gün Azərbaycan 2020-ci il Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Qarabağ münaqişəsinin həlli və ölkəmizin haqlı zəfəri regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb, Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Sevindirici haldır ki, Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsi olan Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində çıxış edərkən dövlət başçımız Sammit iştirakçılarının diqqətini Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatlara yönəldərək, ölkəmizə qarşı törədilmiş təcavüzkar və qanlı təxribatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Hər zaman dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, Ermənistan bu dəfə də xəyanəti seçdi. 44 günlük Vətən müharibəsində olduğu kimi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti Azərbaycanın sülhsevər təşəbbüslərinin, iqtisadi, ticari-nəqliyyat sahələrinin inkşafında qazandığı uğurlarının göstəricisi olmaqla bərabər Azərbaycanın öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirəcəyinə işarədi.

Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası
Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər