Siyasət

  • 823

Səmərqənddə keçirilən Sammitin önəmi

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı Təşkilata üzv ölkələri maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim edib. İlk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Məlumdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Şimal-Cənub dəhlizi isə əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Hər iki dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Aydındır ki, həm Şərq-Qərb və həm də Şimal-Cənub nəqliyyat dəhlizləri birbaşa Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu isə, vacib tranzit mərkəzi olaraq Azərbaycanın önəmini daha da artırır.Lakin bu gün Ermənistan regionda törətdiyi irimiqyaslı təxribatlarla vəziyyəti gərginləşdirməyə və beynəlxalq nəqliyyat-logistik layihələri təhdid altına qoymağa səylər göstərir. O cümlədən Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədi boyunca Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı hərbi təxribat bu ölkənin hakimiyyətində duran hərbi-siyasi rejimin işğalçı-faşist simasını bir daha bütün dünyaya nümayiş etdirdi. Çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, baş verənlərə görə bütün məsuliyyət erməni faşizmini təbliğ edən, ölkədə revanşist əhval-ruhiyyəsini qızışdırmağa çalışan rəsmi İrəvanın üzərindədir.

Bu gün həm də bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi haqlı narahatlıq doğurur. Bu barədə ŞƏT-in Səmərqənd Sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev söyləyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər ərzində kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmadı. Yalnız 2020-ci ildə Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edildi.

Azərbaycan tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını hər zaman fəal şəkildə dəstəkləyib. Eyni zamanda mövcud olan digər nəqliyyat dəhlizləri ilə müqayisədə Azərbaycan yüklərin məhz bizim ölkənin ərazisindən keçməklə daha əlverişli şərtlərlə qısa müddətdə və təhlükəsiz çatdırılmasını təmin edərək müxtəlif istiqamətlərdə tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub. Təsadüfi deyil ki, artıq dünyanın bir çox ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Heç şübhəsiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir. Prezident İlham Əliyevin Səmərqənd Sammitində qeyd etdiyi kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrinin iştirakçı ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə də şərait yaratmış olur. Beləliklə də, Azərbaycanın iştirakçısı olduğu və bir sıra hallarda təşəbbüskarı kimi çıxış etdiyi beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin inkişafına və ümumilikdə Avrasiya məkanında sülhün və təhlükəsizliyin bərqərar olması işinə xidmət edir.

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər